Məktəblilər arasında gənc bioloqların yaradıcılıq müsabiqəsinə başlanılır
19.3.2018

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında gənc bioloqların yaradıcılıq müsabiqəsi keçiriləcək.

BŞTİ-dən bildiriblər ki, müsabiqənin keçirilməsinin əsas məqsədi məktəblilərin biologiya elminə marağını artırmaq, onların bu sahədə nəzəri və təcrübi biliklərini təkmilləşdirmək, istedadlı şagirdləri aşkara çıxarmaqdır.

Müsabiqə üç mərhələdə IX-XI sinif şagirdləri arasında keçiriləcək. Müsabiqənin birinci mərhələsi aprelin 2-dən 23-dək təhsil müəssisələrində təşkil olunacaq. Məktəbdaxili yarışmada qalib gələn komandalar aprelin 25-dən 30-dək keçiriləcək ikinci mərhələdə iştirak hüququ qazanacaq. İkinci mərhələdə hər rayon üzrə birinci yeri qazanmış qalib komanda növbəti mərhələdə iştirak etmək üçün vəsiqə alacaq. Gənc bioloqların yaradıcılıq müsabiqəsinin üçüncü mərhələsi isə mayın 2-dən 7-dək təşkil ediləcək.

Müsabiqənin üçüncü mərhələsində hər rayondan bir komanda, ümumilikdə 12 komanda iştirak edəcək və ilk üç yeri tutmuş komandalar qalib hesab olunacaq.

Komandalar hər sinifdən bir nəfər olmaqla IX, X və XI siniflər üzrə üç nəfərdən təşkil edilməlidir.

Müsabiqənin şərtlərinə görə, birinci və ikinci mərhələdə iştirakçılar iki akademik saat ərzində ümumtəhsil və uşaq-gənclər inkişaf mərkəzlərinin proqramlarına uyğun olaraq, biologiya fənni üzrə 30 sualdan ibarət test tağşırığını, iki məsələni, final mərhələsində isə həmin vaxt ərzində test və məsələ ilə yanaşı, bir təcrübə işini də yerinə yetirməlidirlər.

Hər test tapşırığının düzgün cavablandırılması bir balla, məsələ və təcrübə işinin düzgün həlli isə beş balla qiymətləndiriləcək. Ən çox bal toplayan komanda qalib sayılacaq.

Qaliblər BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.


azertag.az