Gənc Tamaşaçılar Teatrı beynəlxalq festivalda uğurla çıxış edib
12.3.2018

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Birləşmiş Ərəb Əmirliklərinin(BƏƏ) Al- Füceyra şəhərində keçirilən VIII Beynəlxalq Monodram Tamaşalar Festivalında və martın 3-dən 8-dək Hindistanda keçirilən VIII Beynəlxalq Dünya Teatr Olimpiadasında iştirak edib.

Teatrdan bildirilib ki, VIII Beynəlxalq Dünya Teatr Olimpiadası təşkilatçılarının dəvəti ilə qastrol səfərinə yollanan kollektiv səfər çərçivəsində T. Vəliyevanın “Cəza” (təkadamlıq oyun) əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə çıxış edib. Teatrın kollektivi və tamaşanın rejissoru , Əməkdar İncəsənət Xadimi Mehriban Ələkbərzadə səfər təəssüratlarını bölüşərkən deyib: “Hər iki səfərdə, Əl –Füceyradan sonra Dehli və Kəlkütədə həyəcan dolu və füsunkar günlər yaşadıq. Çox gözəl və məhsuldar səfər oldu. Xoşbəxtəm ki, Gənc Tamaşaçılar Teatrının heyəti ilə bir yerdəyik. Tamaşamız maraqla qarşılandı. Aktrisa Kəmalə Hüseynovanın oyunu tamaşaçılarda möhtəşəm təəssürat yaratdı”.

Tamaşa ilə bağlı hər iki ölkənin mətbuatında məqalələr dərc olunub.

azertag.az