"Accessbank" UNEC-də "açıq dərs" keçirib
21.2.2018

“Accessbank” ASC Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) "açıq dərs" keçirib.

Bu barədə Banka istinadən xəbər verilir.

Məlumata görə, “Accessbank”ın Marketinq/Korporativ bankçılıq departamentlərinin direktoru Günay Cəlilova bildirib ki, bu, 2018-ci il ərzində keçirilən ilk "açıq dərs"dir və yaxın gələcəkdə digər ali təhsil ocaqlarında da bir neçə analoji dərsin təşkili nəzərdə tutulub.

"Accessbank olaraq biz daim Korporativ Sosial Məsuliyyət siyasətimizə olduqca böyük önəm vermişik. Cəmiyyətə faydalı olmaq bizim əsas prinsiplərimizdəndir. Məhz, bu baxımdan, biz bu cür tədbirləri davamlı olaraq təşkil etməyi planlaşdırırıq", - deyə o qeyd edib.

“Accessbank”la UNEC arasında mövcud olan əməkdaşlığın genişləndirilməsinə toxunan departament direktoru həmçinin deyib ki, yaxın gələcəkdə Bankda tələbələr üçün praktiki təlimlər təşkil olunacaq.

Daha sonra "İqtisadi Təşəbbüslərə Yardım" İctimai Birliyinin rəhbəri, iqtisadçı-ekspert Samir Əliyev "Milli valyuta və makroiqtisadi sabitlik" mövzusunda təqdimat keçirib. O bildirib ki, tədris müəssisələri ilə sahibkarlar arasında müxtəlif formalarda görüşlərin keçirilməsi təqdirəlayiq haldır. Çünki belə görüşlər əlaqələrin gücləndirilməsi ilə yanaşı, qarşılıqlı təcrübə mübadiləsinə də töhfə verir.

Bundan sonra tələbələr üçün sual-cavab sessiyası təşkil edilib. Sessiya ərzində S.Əliyev, Asiya İnkişaf Bankının Azərbaycandakı nümayəndəliyinin baş iqtisadçısı Nail Vəliyev, G.Cəlilova və "PwC Azerbaijan" şirkətinin Marketinq və Kommunikasiya üzrə rəhbəri Aysel Süleymanova tələbələri maraqlandıran sualları cavablandırıblar.

Ardınca spikerlər kollegial qaydada tədbirdə aktiv iştirak edən 7 tələbəni müəyyən məbləğdə balansa malik olan "myCard" ödəniş kartı ilə mükafatlandırıblar.

report.az