Mədəniyyət və turizm naziri Koventri şəhərində bir sıra görüşlər keçirib
20.2.2018

Azərbaycan Respublikasının Prezidentinin “Bakı Prosesi”nin 10 illiyinin qeyd olunması ilə bağlı müvafiq Sərəncamı ilə əlaqədar il ərzində müxtəlif ölkələrdə və tərəfdaş beynəlxalq təşkilatların baş qərargahlarında təqdimatların keçirilməsi planlaşdırılır.

Bununla əlaqədar olaraq, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Koventri Universitetində və universitetin Sülh, Etimad və Sosial Münasibətlər İnstitutunda “Bakı Prosesi”nin 10 illik yubileyi ilə bağlı təqdimat mərasiminin keçirilməsi məqsədilə Böyük Britaniyanın Koventri şəhərində səfərdədir.

Nazirlikdən bildirilib ki, səfər çərçivəsində nazir Əbülfəs Qarayev Şəhər Şurasının icraçı rəhbəri Martin Reeveslə görüşüb. Görüşdə Koventrinin 2021-ci il üçün Böyük Britaniyanın mədəniyyət şəhəri seçildiyi və bununla bağlı qarşıdakı 4 il ərzində şəhərlə bağlı mədəni, sosial və iqtisadi layihələrin həyata keçiriləcəyi vurğulanıb. Nazir ölkəmizdə həyata keçirilən mədəniyyət və idman hadisələri, Naxçıvan şəhərinin 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” elan edildiyi, ölkə daxilində şəhər və rayonların müxtəlif kateqoriyalar üzrə mədəniyyət şəhərləri elan edilmə təcrübəsi barədə məlumat verib.

Daha sonra Azərbaycan Prezidentinin “Bakı Prosesi” təşəbbüsünə toxunan nazir bu qlobal layihənin beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoqa töhfələrini, Koventri Universiteti ilə əməkdaşlığın istiqamətlərini qeyd etdi.

Martin Reeves öz növbəsində Koventri şəhərində 100-dən çox millətin nümayəndələrinin yaşadığını, böyük miqrasiya axınına məruz qalmış şəhər olduğunu, buna görə də universitet ilə miqrantların inteqrasiyası, anlaşma və dialoq məsələləri ilə bağlı birgə layihələr həyata keçirildiyini bildirib.

Daha sonra Koventri Nəqliyyat Muzeyinin nəqliyyat və mühərriklər üzrə kuratoru xanım Liz Chard-Cooper və Koventri Sosial Təsisatlar Universitetinin Sahibkarlığın inkişafı üzrə rəhbəri xanım Carole Donnelly ilə ikitərəfli görüşlər keçirilib və qarşılıqlı mübadilələr barədə müzakirələr aparılıb.

azertag.az