Bakıda xanəndə və instrumental ifaçıların respublika müsabiqəsi təşkil ediləcək
16.2.2018

Fevralın 19-dan Bakıda xanəndə və instrumental muğam ifaçılarının V Respublika müsabiqəsinə başlanılacaq. Müsabiqə Təhsil Nazirliyi və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə reallaşacaq.

Bu barədə Milli Konservatoriyanın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Milli Konservatoriyada gerçəkləşəcək seçim turlarına 15 xanəndə və 21 instrumental ifaçı olmaqla ümumilikdə 36 iştirakçı qatılacaq.

Fevralın 24-dək davam edəcək müsabiqənin ilk turu fevralın 19-u və 21-də, 2-ci turu isə fevralın 23-də baş tutacaq. Fevralın 24-də qaliblərin mükafatlandırma mərasimi keçiriləcək. Hər iki bölmə üzrə ayrı-ayrılıqda ilk 3 yeri (6 ifaçı) tutan iştirakçılar mart ayında keçiriləcək Beynəlxalq Muğam Müsabiqəsində iştirak etmək hüququ qazanacaqlar.

azertag.az