Bakıda Çin Yeni ilinin başlanmasını bildirən Bahar bayramı qeyd edilib
16.2.2018

Fevralın 15-də Bakıda Çin Yeni ilinin başlanmasını bildirən Bahar bayramı münasibətilə tədbir keçirilib.

Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov Çinin milli adət-ənənələri, mərasimləri, bayramları haqqında məlumat verib və bu ənənələrin dünya mədəni irsinin əsas elementi kimi qorunub saxlanıldığını vurğulayıb.

Sonra Çin Yeni ilinə həsr edilən şənlik olub.

Bakı Dövlət, Azərbaycan Dillər universitetlərinin tələbələrinin, Konfutsi İnstitutunun gənc müdavimlərinin ifasında rəqslər, Çin xalq mahnıları və səhnəciklər təqdim edilib, bu ölkənin şairlərinin şeirləri səsləndirilib.

Qeyd edək ki, Yeni ilin qarşılanması ənənəvi Çin mədəniyyəti üçün ailə həyatında ən mühüm hadisədir. Çində qəbul edilmiş ay təqviminə görə bu bayram ilin ilk ayının birinci günündə, Qriqori təqvimi üzrə fevralın ortalarında qeyd edilir. Çinlilər hesab edirlər ki, baharın ilk günündə təbiət oyanır, torpaq canlanır, həyat təzələnir.

azertag.az