Bənzərsiz mahnılar bəstəkarı
16.2.2018

Fevralın 15-də Azərbaycan Bəstəkarlar İttifaqında tanınmış bəstəkar, Xalq Artisti Elza İbrahimovanın anadan olmasının 80 illiyinə həsr olunmuş tədbir keçirilib.

Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi, professor Zemfira Qafarova bəstəkarın həyat və yaradıcılığı haqqında məlumat verib.

Bəstəkarın anadan olmasının 80 illiyinin ölkə başçısının müvafiq Sərəncamı ilə silsilə tədbirlərlə qeyd edildiyi bildirilib.

Zemfira Qafarova deyib ki, Elza İbrahimova ömrünün 50 ildən çoxunu bəstəkarlıq sənətinə həsr edib. O, bənzərsiz yaradıcılığı ilə ən yüksək zirvələri fəth edərək musiqisevərlərin ürəyində özünə əbədi heykəl ucaldıb. Elza İbrahimovanın mahnıdan tutmuş operayadək musiqinin müxtəlif janrlarında bəstələdiyi əsərlər arasında lirik mahnılar, simfonik poema, oratoriya, vokal-instrumental kamera əsərləri, bir sıra tamaşalara yazdığı musiqiləri xüsusi yer tutur. Onun yazdığı bütün əsərlər dərin məzmunu, yüksək bədiiliyi ilə seçilirlər.

Tədbirdə sənətşünaslıq elmləri doktoru, professor Ceyran Mahmudovanın “Elza İbrahimovanın həyat və yaradıcılığının əsas məqamlarının səciyyəsi”, Əməkdar Mədəniyyət İşçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Şirinovanın “Elza İbrahimovanın yaradıcılığının televiziya və radio kanallarında təbliği” və digər mövzularda məruzələri dinlənilib.

Tədbirdə bəstəkarın həyat və yaradıcılığını əks etdirən videomaterial nümayiş olunub.

Sonda Azərbaycan Dövlət Triosu, Gülarə Əliyeva adına “Dan ulduzu” instrumental ansamblının müşayiəti ilə bəstəkarın “Gecələr bulaq başı”, “Sevgilim, tut əlimdən”, “Sən yadıma düşəndə”, “Mehribanım” və digər mahnıları səsləndirilib.


azertag.az