Bakıda “Maslenitsa” bayramı qeyd edilib
15.2.2018

Fevralın 14-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində slavyan xalqlarının qədim bayramlarından olan “Maslenitsa” qeyd edilib. Tədbir Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb.

Tədbirdə teatr muzeyinin direktoru Sevinc Mikayılova qədim bayramın tarixi, özəllikləri haqqında məlumat verib. Bildirib ki, Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq tanınır. Tarix boyu ayrı-ayrı millətlərin nümayəndələri bu ölkədə sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma şəraitində yaşayıblar. Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub, dövlətimizin hər bir vətəndaşının gündəlik ünsiyyət vasitəsinə çevrilib.

Qeyd edilib ki, bu gün Azərbaycan əhalisinin milli tərkibində müxtəlif xalqların nümayəndələri arasında ruslar üstünlük təşkil edir. Onlar öz adət-ənənələrini və mədəniyyətlərini qoruyub saxlamaqla yanaşı, ölkəmizin tamhüquqlu vətəndaşları kimi milli bayramlarını da layiqincə qeyd edirlər. Azərbaycan və Rusiya arasında qarşılıqlı və səmimi münasibətlərin göstəricisidir ki, slavyan xalqlarının qədim bayramlarından olan “Maslenitsa” ənənəvi olaraq ölkəmizdə hər il keçirilir. Rusların Pasxadan təxminən ay yarım öncə qeyd etdikləri “Maslenitsa” bayramı qışın yola salınması, yazın gəlişi ilə bağlıdır. Tonqalların qalanması, qışın (köhnəliyin) rəmzi olan “Maslenitsa” müqəvvasının yandırılması bizim Novruz öncəsi qeyd etdiyimiz ilaxır çərşənbələri xatırladır.

Tədbirdə daha sonra “İqray qarmon” rus ansamblının ifasında musiqi nömrələri ifa olunub.

azertag.az