İtaliyalı alimlər Gəncə Dövlət Universitetinin qonağıdır
15.2.2018

Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov İtaliyanın Ka Foskari Venesiya Universitetinin alimləri ilə görüşüb.

Universitetin mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən bildirilib ki, italiyalı mütəxəssislər – Ka Foskari Venesiya Universitetində İTALS Dil laboratoriyasının müdiri, professor Qraziano Serragiotto və italyan dili üzrə mütəxəssis, professor Cüzeppe Maugeri fevralın 1-dən Gəncə Dövlət Universitetində italyan dilinin tədrisinə başlayıblar.

Rektor Yusif Yusibov italiyalı alimlərə Gəncə Dövlət Universiteti və bu ali təhsil müəssisəsinin beynəlxalq əlaqələri haqqında məlumat verib. Qeyd edib ki, beynəlxalq əlaqələrinin coğrafiyasını ildən–ilə genişləndirən universitet həm də İtaliyanın Ka Foskari Venesiya universiteti ilə qarşılıqlı faydalı əməkdaşlıq qurub.

Professor Qraziano Serragiotto Gəncə Dövlət Universitetində keçirdiyi ilk günlərinin təəssüratını bölüşüb, yaradılmış şəraitdən razılığını bildirib.

Görüşdə iki universitet arasında elm və təhsil əlaqələrinin daha da genişləndirilməsi, həmçinin yeni layihələr üzərində əməkdaşlıq imkanları müzakirə edilib.

Qeyd edək ki, fevralın 18-də yekunlaşacaq iki həftəlik intensiv kursdan sonra keçiriləcək imtahanda uğur qazananlar Ka Foskari Venesiya Universitetində yenidən dil hazırlığı kurslarında iştirak edə biləcəklər.

azertag.az