BANM-ın tələbəsi Gənclər Fondunun qrant layihəsini reallaşdırıb
13.2.2018

Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi Prezident yanında Gənclər Fondunun elan etdiyi 10-cu qrant müsabiqəsinin qalibi olub.

Ali Məktəbdən verilən məlumata görə, BANM-ın “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan 4-cü kurs tələbəsi Ayaz Səmədli özünün “Alqoritmik düşüncənin inkişafı” adlı layihəsini BANM-ın təşkilati dəstəyi ilə uğurla həyata keçirib.

Layihənin BANM-ın konfrans zalında keçirilən yekun mərhələsində “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” kafedrasının müəllimləri Abbas Əlili və Süleyman Süleymanzadə, Ali Məktəbin və digər universitetlərin tələbələri iştirak ediblər.

Tədbiri layihə rəhbəri Ayaz Səmədli açaraq bütün iştirakçıları salamlayıb və layihə haqqında ümumi məlumat verib.

On təlimdən ibarət olan layihənin təlimləri 2017-ci il dekabrın 11-dən başlayıb. Layihədə iştirak müsabiqə yolu ilə keçirilib və seçimdə qalib gələn ilk 28 nəfər iştirak hüququ qazanıb. Təlimlərdə ölkənin altı aparıcı universitetindən olan tələbələr və Akademik Zərifə Əliyeva adına Liseyin şagirdləri iştirak ediblər. Layihə iştirakçıları təlimlər müddətində alqoritmlər və data strukturlar haqda geniş məlumat əldə edib, öyrəndikləri nəzəri bilikləri praktiki olaraq avtomatik kod qiymətləndirmə sistemi olan e-olymp.com saytı üzərindən tətbiq ediblər. Onlar alqoritmlərin vacibliyi və tətbiq sahələrini mənimsəyib və gələcəkdə öyrəndikləri bilikləri daha da möhkəmləndirmək üçün müvafiq istiqamətləndiriliblər. Təlimin sonunda iştirakçıların öyrəndiyi bilikləri tətbiq etməsi və özlərini yoxlaması üçün xüsusi yarış keçirilib.

Sonda BANM-ın müəllimləri tələbələrə uğurlar arzulayıb və öz dəyərli məsləhətlərini veriblər. İştirakçılar isə layihə haqqında öz fikirlərini və burada öyrəndiklərini necə və hansı istiqamətdə istifadə edəcəkləri haqda danışıblar.

Təlimlərdə uğurla iştirak edən gənclər sertifikatla təltif olunub, yarışın qaliblərinə isə müxtəlif hədiyyələr təqdim olunub.

report.az