Milli Kitabxana ilə Los-Anceles kitabxanası arasında əməkdaşlıq müzakirə edilib
12.1.2018

ABŞ-a səfəri çərçivəsində M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov Los-Anceles şəhər kitabxanasının direktoru Con Szabo ilə görüşüb.

Milli Kitabxanadan bildirilib ki, görüş zamanı hər iki kitabxana arasında qarşılıqlı əməkdaşlığın yaradılması, birgə tədbirlərin keçirilməsi məsələləri müzakirə olunub.

Los-Anceles şəhər kitabxanaları şəbəkəsinin direktoru bu şəbəkəyə şəhər üzrə 73 kitabxananın daxil edildiyini və bu kitabxanaların ümumi fondunun altı milyondan artıq olduğunu söyləyib.

Kərim Tahirov Los-Anceles şəhər kitabxanasına Milli Ensiklopediyasının nəşr olunmuş cildlərini, rəhbərlik etdiyi kitabxana haqqında fotoalbom və ölkəmizə dair digər kitabları təqdim edib.

Con Szabo da öz növbəsində rəhbərlik etdiyi kitabxana haqqında nəfis şəkildə çap olunmuş kitabı Milli Kitabxananın direktoruna verib.

Kərim Tahirov Los-Anceles kitabxanasının direktorunu iki ildən bir Bakıda keçirilən Beynəlxalq Kitab Sərgi-Yarmarkasına və gələcəkdə keçiriləcək digər beynəlxalq tədbirlərə dəvət edib.

azertag.az