“Heydər zirvəsi”nə yürüş uğurla başa çatıb
13.12.2017

Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyasının (ADEİNFA) təşkilatçılığı və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) dəstəyi ilə Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə təşkil edilmiş növbəti kütləvi yürüş uğurla başa çatıb.

FAIREX-dən bildiriblər ki, dekabrın 9-dan 12-dək həyata keçirilən yürüş əvvəlcə Böyük Qafqaz dağ silsiləsinin Qızıl Qaya massivinin ətəklərində qurulmuş düşərgəyə, növbəti gün isə oradan zirvəyə doğru davam etdirilib.

Yürüşün mütəşəkkil təşkili məqsədilə yaradılmış qərargah tərəfindən öncədən marşrut müəyyənləşdirilib, marşrut üzərində tam təchizatlaşdırılmış çadır düşərgəsi qurulub, çətin relyef və iqlim şəraitinə malik olan dağlarda insanların təhlükəsizliyinin təmin edilməsi məqsədilə bütün zəruri tədbirlər görülüb.

İştirakçılar Böyük Qafqaz dağ silsiləsinin Qızıl Qaya massivinin ən yüksək nöqtəsində ulu öndər Heydər Əliyevin barelyefi önünə gül dəstələri düzərək müasir müstəqil Azərbaycanın qurucusunun əziz xatirəsini yad ediblər.

azertag.az