Azərbaycanda kiçik ailə bizneslərinin inkişafına dəstəklə bağlı yeni layihənin başlanmasına dair müqavilə imzalanıb
13.12.2017

Dekabrın 13-də Azərbaycanın Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə bizneslərinin inkişafına lazımi dəstəyin verilməsi ilə bağlı yeni layihənin başlanması məqsədilə 1 saylı “ASAN xidmət” mərkəzində Avropa İttifaqı (Aİ), BMT-nin İnkişaf Proqramı və “ABAD” publik hüquqi şəxs arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və təşkilatın İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İshaqzai, Aİ nümayəndəliyinin və “ASAN xidmət” rəhbərliyinin təmsilçiləri iştirak ediblər.

İnam Kərimov çıxış edərək deyib ki, BMT-nin İnkişaf Proqramı tərəfindən həyata keçirilən bu layihə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan “ABAD” publik hüquqi şəxsi ilə sıx əməkdaşlığı nəzərdə tutur. Bu iş birliyi Balakəndə regional “ABAD Mərkəz”ə geniş dəstək verməklə bölgələrdə yeni imkanların yaradılmasına töhfə verəcək, ölkədə müasir və dayanaqlı ailə biznes modellərinin formalaşmasına və inkişafına xidmət edəcək. 2020-ci ildə başa çatacaq layihə Avropa İttifaqı, BMT-nin İnkişaf Proqramı və “ABAD” publik hüquqi şəxs tərəfindən maliyyələşdirilir.

Agentliyin sədri qeyd edib ki, hazırda “ASAN xidmət” mərkəzlərində müxtəlif xidmətlər vətəndaşlara daha rahat və əlverişli şəkildə təqdim olunur. Bu xidmətlər müxtəlif sahələri əhatə edir. Xidmətlərdən məmnuniyyətlik dərəcəsi 97 faizdir. “ASAN xidmət” dövlət orqanlarını və 25-dən çox özəl şirkəti əhatə edir. “ASAN xidmət”də 250-yə yaxın xidmət təklif olunur.

İnam Kərimov “ASAN xidmət”in vətəndaşlara təqdim etdiyi müxtəlif xidmətlər barədə də məlumat verib. “ABAD” barədə danışan sədr bildirib ki, “ABAD” beynəlxalq təşkilatlarla əməkdaşlığın uğurlu nümunəsidir. Qeyri-kommersiya və sosialyönümlü qurum olan “ABAD” publik hüquqi şəxs yarandığı vaxtdan ölkənin 17 regionunda olan 172 ailə, fərdi və kiçik sahibkarlıq subyektinə dəstək göstərir. Bu dəstəklər davam edir və gündən-günə artır.

Bildirilib ki, 2018-ci ildə “ABAD” satış kanallarının genişlənməsinə, “ABAD”çıların və məhsul çeşidinin artırılmasına, həmçinin ixrac fəaliyyətlərinə hazırlığa keçidi planlaşdırır.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas çıxış edərək deyib ki, Aİ Azərbaycanın regionlarında kiçik ailə bizneslərinin inkişafına lazımi dəstəyin verilməsindən çox məmnundur. Layihə çərçivəsində icmalara əsaslanan ailə bizneslərinin və kənd yerlərində sahibkarlığın inkişafı istiqamətində Azərbaycanın göstərdiyi səylər dəstəklənəcək və təşviq olunacaq, o cümlədən Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına töhfə veriləcək. İrəli sürülən yeni təşəbbüs Şəki-Zaqatala iqtisadi zonasında əhalinin məşğulluq səviyyəsinin artırılması və bu regionda daha çox ailələrin sahibkarlıq fəaliyyətinə cəlb olunmasını stimullaşdıracaq. “Azərbaycanda “ASAN xidmət” mərkəzlərinin necə səmərəli olduğunu müşahidə edirik. Artıq “ASAN xidmət” müasir Azərbaycanın simvoluna çevrilib. “ASAN xidmət” xalqa müxtəlif dövlət xidmətlərini və digər xidmətləri səmərəli şəkildə göstərir. Biz düşünürük ki, hər bir inkişaf etmiş ölkədə belə strukturun olması vacibdir. Biz Aİ ilə “ASAN xidmət”in uzunmüddətli və səmərəli əməkdaşlığına ümid edirik”, - deyə Kestutis Yankauskas qeyd edib. O, həmçinin bildirib: “Biz “ABAD”ın təcrübəsini öyrənməliyik və Avropa İttifaqının bir sıra layihələrində bu təcrübədən yararlanmalıyıq. “Şərq Tərəfdaşlığı” proqramının iştirakçısı kimi Azərbaycan müxtəlif mexanizmlər vasitəsilə bu istiqamətdə fəaliyyətini uğurla həyata keçirir. Bu proqram dövlətlər arasında müxtəlif sahələr üzrə əməkdaşlığa da geniş imkanlar yaradır. Azərbaycan dövlət idarəçiliyinin modernləşməsinə xüsusi diqqət yetirir. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi “ASAN xidmət”in fəaliyyətini diqqətlə izləyir. Biz də müxtəlif sahələrdə “ASAN xidmət”lə əməkdaşlıq edirik”.

Qulam İshaqzai bildirib ki, BMT Azərbaycanda reallaşdırılan layihələrə daim dəstək göstərir. “ABAD”ın fəaliyyətinə də yaxından dəstək göstərildiyini vurğulayan Q.İshaqzai Masallıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlığı çərçivəsində SYSLAB Təlim-Tədris və Qadın Resurs mərkəzlərinin açılışını, “ASAN Həyat” kompleksində “ABAD” layihəsinin təqdimatını qeyd edib.

Vurğulanıb ki, “ABAD”ın bu layihəsinin əsas məqsədi istehlakçıları istehsalçı ilə əlaqələndirməkdir. “ABAD” layihəsi Azərbaycanda sosial innovasiyadır. Əsas məqsəd kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına, rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına, regional inkişafa dəstək verməkdir.

Qulam İshaqzai inklüziv və dayanıqlı inkişaf üçün xüsusilə kənd və rayon yerlərində sosial-iqtisadi həyatda qadınların rolu və gənclərin fəal iştirakının əhəmiyyətini vurğulayıb: “Biz ümid edirik ki, “ABAD” bu əlaqələrin qurulmasında əsas platforma olacaq” - deyə o vurğulayıb.

Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və təşkilatın İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İshaqzai əməkdaşlıq müqaviləsini imzalayıblar.

azertag.az