Daşkənddə insan hüquqları mövzusunda seminar keçirilib
24.11.2017

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin təşəbbüsü ilə Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində “İnsan hüquqları və maraqları böyük dəyərdir” mövzusunda seminar keçirilib.

Tədbirdə cəmiyyətin və Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) rəhbərləri və əməkdaşları, universitetin professor-müəllim heyəti, tələbələr iştirak ediblər.

Universitetin professoru Erkin Nuriddinov Özbəkistanın bu sahədə təcrübəsi ilə bağlı çıxış edib.

Seminarda “Millətlərin hüquqlarının təmin edilməsi və müasir cəmiyyət”, “İnsana qiymət verilən dövlət və firavanlıq”, “İnsan hüquqları ali dəyərdir” və digər mövzularda məruzələr dinlənilib.

AMM-nin direktoru Samir Abbasov Azərbaycanda insan hüquqları sahəsində böyük uğurların qazanıldığını bildirib. O deyib ki, ölkəmizdə müxtəlif xalqların nümayəndələri sabitlik və əmin-amanlıq şəraitində yaşayırlar.

S.Abbasov Azərbaycan-Özbəkistan dostluğu, ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən mədəni sahədə əlaqələrin inkişafından danışıb.

Direktor AMM-nin mədəni əlaqələrimizin inkişafı ilə bağlı keçirdiyi layihələrlə bağlı məlumat verib, mərkəzin təşəbbüsü ilə buraxılan kitablar haqqında danışıb.

azertag.az