“Danış ki, səni görüm” layihəsinin təqdimatı olub
24.11.2017

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 10-cu qrant müsabiqəsinin qalibi olan “Danış ki, səni görüm” layihəsinin noyabrın 24-də Binəqədi Gənclər evində təqdimatı keçirilib.

Tədbirdə “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov çıxış edərək gənclərin ölkəmizin ictimai-siyasi həyatında yüksək fəallıq göstərdiklərini vurğulayıb. O, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun və “İrəli” İctimai Birliyinin gənclərin inkişafına, onların ideya, təşəbbüs və layihələrinin həyata keçirilməsinə daim dəstək verdiklərini bildirib.

M.Seyidov deyib ki, dövlətimizin başçısının Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı ölkədə gənclər siyasətinin daha səmərəli həyata keçirilməsi istiqamətində növbəti mühüm addımdır. Dövlət Proqramının məqsədi cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, həmçinin gənc nəslin sağlamlığını qorumaq, onların təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir İKT-dən səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir.

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Modern.az” saytının baş redaktoru Elşad Eyvazlı, “Azadinform” informasiya agentliyinin baş redaktoru Niyaz Niftiyev tədbirdə iştirak edən gənclərə müasir dövrdə jurnalistikanın imkanlarından və cəmiyyətdə rolundan danışıb, bu sahədə təcrübələrini bölüşüblər. Baş redaktorlar gənclərin jurnalistikaya marağının artmasında, onlarda nitq mədəniyyətinin inkişafında belə layihələrin reallaşdırılmasının önəmini vurğulayıblar.

Sonra “İrəli” İctimai Birliyinin mətbuat katibi Əfsanə Şükürova müəllifi olduğu “Danış ki, səni görüm” layihəsi barədə məlumat verib. Bildirib ki, layihənin məqsədi gənclərdə nitq mədəniyyətini, ünsiyyət qurmaq bacarıqlarını inkişaf etdirməkdir. Nitq mədəniyyəti peşəsindən asılı olmayaraq, insanlar arasında qarşılıqlı münasibətlərin qurulmasında və uğura gedən yolda mühüm rol oynayır.

Üç gün ərzində reallaşdırılacaq layihə çərçivəsində peşəkar ekspertlər yüzə yaxın gəncə təlimlər keçəcək, onlara nitq mədəniyyəti ilə bağlı məlumat verəcəklər. Təlimlərdə gənclərə jurnalistika sahəsində nəzəri və praktiki biliklər də aşılanacaq.

azertag.az