Türkiyənin Uşak Universitetində Molla Pənah Vaqifin yubileyi qeyd olunub
22.11.2017

Türkiyənin Uşak Universitetində (UU) XVIII əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, ictimai və siyasi xadim Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunan mərasim və onun haqqında yazılan kitabların təqdimatı keçirilib.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) qərarı ilə 2017-ci ilin “Molla Pənah Vaqif İli” elan olması çərçivəsində UU və TÜRKSOY-un birgə təşkilatçılığı ilə reallaşan mərasimdə rəsmi şəxslər, yerli ictimaiyyətin görkəmli nümayəndələri, azərbaycanlı tələbələr, QHT və KİV təmsilçiləri iştirak ediblər.

Uşak Universitetinin rektoru, professor Sayın Dalqıran, Azərbaycanın TÜRKSOY-dakı rəsmi təmsilçisi Elçin Qafarlı və başqaları Molla Pənah Vaqifin həyat və yaradıcılığından danışıblar.

Çıxışçılar Molla Pənah Vaqif yaradıcılığının bənzərsizliyi, şeirlərinin fəlsəfi quruluşu, yazı dilindəki rəvanlıq, onun siyasi və dövlət işlərindəki tarixi fəaliyyəti barədə geniş məlumat verib.

Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyev siyasi hakimiyyətinin bütün dövrlərində tarixi şəxsiyyətlərin, o cümlədən görkəmli ədəbiyyatçıların dünyada tanıdılmasına və adlarının əbədiləşdirilməsinə böyük diqqət göstərilib. Bu siyasət Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Molla Pənah Vaqifin 300 illik yubileyinin qeyd olunması barədə məlum Prezident Sərəncamı əsasında görülən işlər buna bariz nümunədir. TÜRKSOY-un qərarı ilə 2017-ci ilin “Molla Pənah Vaqif İli” elan olunması və əsərlərinin dünya dillərinə tərcümə edilməsi Vaqif şəxsiyyətinin tərənnüm edilməsinə və gənc nəsillərə tanıdılmasına böyük bir töhfədir.

Sonra Molla Pənah Vaqifin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.

Mərasim bədii proqramla davam edib.

Molla Pənah Vaqifə həsr olunan əsərlər iştirakçılara paylanıb.

azertag.az