Qusarda region gənclərinin turizmin inkişafında roluna dair təlim keçirilib
21.11.2017

“Sumqayıt Tələbələri” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Qusar rayon gənclər və idman idarəsinin təşkilati dəstəyi ilə Qusardakı Heydər Əliyev Mərkəzində “Region gənclərinin turizmin inkişafında rolunun artırılması” layihəsi çərçivəsində növbəti təlim keçirib.

İctimai Birlikdən bildiriblər ki, təşkilatın sədri Rüfət Mahmudzadə iştirakçılara layihənin məqsədinin mövcud yerli turizm imkanlarının dəyərləndirilməsi, daxili turizmin inkişafında gənclərin rolunun artırılması və yerli gənc turizm menecerlərinin bilik və bacarıqlarının inkişaf etdirilməsi olduğunu deyib.

Qusar rayon gənclər və idman baş idarəsinin rəis müavini Ramin Məcidov rayonda turizmin inkişafı sahəsində görülən işlərdən danışıb. O, təməli 2009-cu ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə qoyulmuş və Azərbaycan tarixində ilk dağ-xizək kurortu olan "Şahdağ" turizm mərkəzinin ölkəmizdə turizmin inkişafında əhəmiyyətindən danışıb.

Çıxışlardan sonra turizm, təhsil və İKT sahəsində ekspert Ramil Süleymanov tərəfindən təlim keçirilib. Təlimdə Qusar rayonunun turizm üzrə biznes imkanları, startaplar, rayonun daxili və xarici turizm ehtiyatları barədə müzakirələr aparılıb, gənclərin turizmlə bağlı ideyaları öyrənilib və onların həyata keçirilməsi yollarından bəhs olunub.

Layihə çərçivəsində sonuncu təlimin Quba rayonunda təşkil olunması nəzərdə tutulub.

azertag.az