Sabah Azərbaycan ərazisində toz-dumanı olacaq
20.11.2017

Sabah Azərbaycan ərazisində qısa müddətli toz-dumanı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin apardığı monitorinqlərin nəticələrinə əsasən, noyabrın 21-də ölkə ərazisində gecə saatlarından başlayaraq havada olan tozun miqdarının sanitar normadan artıq olacağı gözlənilir. Buna səbəb ölkənin cənub-şərq bölgəsinə Ərəbistan yarımadasından cənub-qərb küləyi vasitəsilə atmosfer axınları ilə qısamüddətli toz-dumanının daxil olmasıdır.
Toz-dumanının ölkənin cənub bölgəsindən Xəzər dənizi sahili boyunca Abşeron yarımadasına qədər irəliləyəcəyi ehtimal olunur.
Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, noyabrın 22-si axşam saatlarında Abşeron yarımadasında tozun havada miqdarının sanitar norma daxilində olacağı gözlənilir.

report.az