Azərbaycanlı violonçel ifaçısı İngiltərədə konsert verəcək
20.11.2017

Azərbaycanlı violonçel ifaçısı, beynəlxalq mükafatlar laureatı Camal Əliyev dekabrın 4-də Londonda “St Martin-in-the-Fields” kilsəsində konsert proqramı ilə çıxış edəcək.

Bu barədə məlumat musiqiçinin və kilsənin saytlarında yer alıb. Konsertdə İ.Brams və A.Dvorjakın əsərləri səsləndiriləcək.

Camal Əliyev Türkiyə, Böyük Britaniya, Fransa, İsveçrə, Çin və başqa ölkələrdə bir sıra beynəlxalq festivallarda iştirak edib, solo konsertlər verib. O, Azərbaycan tarixində ilk dəfə BBC radiosunda orkestrin müşayiəti ilə solo çıxış edib, “BBC Introducing Classical Artist” proqramının iştirakçısı olub. İfaçı bu ilin martında “Sir Karl Jenkins” musiqi müsabiqəsinin birinci mükafatına layiq görülüb. Həmçinin Ceyms Qilkrist və Con Tomlinson kimi musiqiçilərlə birlikdə çıxış edib.

azertag.az