Tanınmış bəstəkarın 60 illiyi qeyd olunacaq
20.11.2017

Noyabrın 29-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında tanınmış bəstəkar Azad Zahidin 60 illik yubileyinə həsr edilmiş tədbir keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Mədəniyyət” kanalı, Azərbaycan Bəstəkarlar İttifaqı və Filarmoniyanın birgə təşkilatçılığı ilə reallaşacaq tədbirdə əvvəlcə sənətkarın həyat və yaradıcılığından danışılacaq.

Respublikanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi tədbir konsert proqramı ilə davam edəcək.

Yubiley gecəsi Əməkdar İncəsənət Xadimi Nazim Hacıəlibəyovun dirijorluğu ilə Azərbaycan Televiziya və Radiosunun Niyazi adına Simfonik Orkestrinin ifasında musiqilərlə müşayiət olunacaq.

Qeyd edək ki, bəstəkar Moskva və Dağıstan radiolarında Azərbaycan musiqisinə həsr olunmuş 500-dək verilişin müəllifi kimi tanınır. Onun bəstələri bu gün bir çox ifaçılar tərəfindən müxtəlif konsert salonlarında səsləndirilir.

azertag.az