“Şahdəniz 2” üzrə işlər 97%-dən çox tamamlanıb
20.11.2017

Bu ilin III rübündə “Şahdəniz Mərhələ 2” layihəsinin tikinti işləri uğurla davam edib. Hazırda layihə üzrə işlər - mühəndis işləri, təchizat, tikinti işləri və istismar sınaqları da daxil olmaqla - ümumilikdə 97%-dən çox tamamlanıb və bu layihədən ilk qazın 2018-ci ildə əldə edilməsi planına uyğundur.
Bu barədə “Şahdəniz” yatağının operatoru “BP-Azerbaijan” şirkətinin bu ilin üç rübü üzrə tərəfdaşlar adından yaydığı hesabatda qeyd edilib.
Bildirilib ki, layihə işləri həm dənizdə, həm də quruda, o cümlədən Səngəçal terminalında və boru kəməri marşrutu boyunca uğurla davam edir: “Sentyabrın 6-da Xəzər dənizinin yeni flaqman gəmisi olan “Xankəndi” istismara verilib. Ən son texniki nailiyyətləri özündə birləşdirən bu sualtı tikinti gəmisi məxsusi olaraq “Şahdəniz Mərhələ 2” layihəsi çərçivəsində Xəzər dənizində ən böyük sualtı hasilat sistemini quraşdırmaq üçün layihələndirilib və inşa edilib. 378 mln. ABŞ dolları dəyərində olan bu yeni gəminin Bakıda keçirilmiş rəsmi açılışı mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib. Artıq dənizdə “Şahdəniz” yatağı ərazisində olan “Xankəndi” gəmisi növbəti on bir il ərzində orada sualtı quraşdırma və tikinti işlərini həyata keçirəcək”.
Bildirilib ki, sentyabrın 15-də “Şahdəniz Mərhələ 2” üçün tikilən platformalardan ikincisinin - hasilat və dikborular platformasının da üst modulları yola salınıb və dənizdə quraşdırılıb. Bundan əvvəl, iyun ayının əvvəlində yaşayış blokları və texnoloji təchizat platformasının üst modulları dənizə yola salınıb və dayaq blokunun üzərinə quraşdırılıb.
Məlumata görə, tikintisi qrafiki qabaqlayaraq başa çatdırılmış hasilat və dikborular platformasının üst tikililəri Xəzər dənizindəki “Şahdəniz” müqavilə sahəsinə Bibiheybətdəki “Azfen” tikinti-quraşdırma sahəsindən yola salınıb.
“Üst tikililərinin vahid bir konstruksiya kimi daşınması, sürüşdürmə üsulu ilə dayaq blokunun üzərinə yerləşdirilməsi, montajı və quraşdırılması işləri diqqətlə planlaşdırılaraq 6 gün ərzində tamamlanıb. Üst tikililər artıq suyun 94 metr dərinliyində quraşdırılmış hasilat və dikborular platforması dayaq blokunun üzərindədir. Dünyanın ən iri neft və qaz terminalllarından biri olan Səngəçal terminalında “Şahdəniz 2”-dən əldə ediləcək əlavə qaz həcmlərini emal etmək üçün genişləndirmə işləri uğurla irəliləyir. Ümumilikdə “Şahdəniz 2” və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi üzrə tikinti işlərinin ən qızğın vaxtlarında Azərbaycanda 24 mindən çox insan bütün əsas müqavilələr üzrə işlərə cəlb olunmuşdu ki, onların da 80%-dən çoxu Azərbaycan vətəndaşları idi”, - deyə məlumatda qeyd edilib.

report.az