Tofiq Quliyevin 100 illiyi incəsənət məktəbində qeyd edilib
14.11.2017

Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbində görkəmli bəstəkar, Xalq Artisti Tofiq Quliyevin 100 illiyinə həsr edilmiş konsert proqramı təşkil olunub.

Mədəniyyət və Turizm Nazirliyindən bildirib ki, təşkilatçısı tanınmış musiqişünas Leyla Həsənova olan tədbirdə əvvəlcə görkəmli bəstəkarın yaradıcılığından danışılıb.

Vurğulanıb ki, bəstəkar Azərbaycan musiqisində lirik mahnıların klassik nümunələrini yaradıb. Tofiq Quliyevin vokal inciləri özünəməxsus, heç bir başqa bəstəkarın üslubuna bənzəməyən dəst-xətti ilə seçilir. İstər romansları, istərsə də “Sənə də qalmaz”, “Qəmgin mahnı”, “İlk bahar”, “Neylim”, “Axşam mahnısı”, “Bakı gecələri” kimi mahnıları insanın daxili aləmini, həyəcanını, məhəbbətini romantik bir dillə əks etdirir. Bu mahnılar musiqi dilinin xəlqiliyi, melodiyalarının axıcılığı və zənginliyi ilə fərqlənir. Tofiq Quliyev hər bir mahnı üçün yaddaqalan, orijinal intonasiya tapır, insanların saf və etibarlı hisslərini rəngli boyalarla təsvir edir. Qüdrətli sənətkar mahnı yaradıcılığında müasir musiqi üslubunu - xalq musiqisinin zəngin aləmindən bəhrələnən xüsusiyyətlərlə uzlaşdırır. Maraqlı sintezə nail olan bəstəkar, zamanın nəbzini duyan, peşəkarlığın yüksək zirvəsində duran vokal miniatürlər yazır və milli mahnı janrını yeni inkişaf pilləsinə ucaldır.

Sonra qonaqlar bəstəkarın bəstələrinin səsləndiyi bir-birindən parlaq ifaları dinləyib. Həmçinin məktəbin rəqs müəllimi Səbinə İsmayılovanın “Axşam oldu” mahnısının sədaları altında ifa etdiyi rəqsi peşəkarcasına təqdim olunub.

Sonda bəstəkarın oğlu, rejissor Eldar Quliyev çıxış edərək tədbirin təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildirib.

azertag.az