Yerli icra hakimiyyətləri tərəfindən arxivə 4 mindən artıq sənəd təhvil verilib
14.11.2017

Bir sıra yerli icra hakimiyyətləri tərəfindən foto və saxlama vahidi kinosənədlər Dövlət Kino-Foto Sənədləri Arxivinə təhvil verilib.

Milli Arxiv İdarəsindən məlumat verilib ki, Mingəçevir, Şamaxı, Lənkəran, Qubadlı, Zəngilan, o cümlədən Bakı şəhərinin Binəqədi, Xətai, Xəzər rayon icra hakimiyyətləri tərəfindən ümumilikdə 4 min 315 saxlama vahidi fotosənəd və 18 saxlama vahidi kinosənəd Dövlət Kino-Foto Sənədləri Arxivinə təhvil verilib. Sənədlər əsasən regionların, Bakı şəhərinin və qəsəbələrinin sosial-iqtisadi inkişafına dair qəbul olunmuş Dövlət proqramlarında görülməsi planlaşdırılan işlərin icra olunmasını əks etdirir.

Əhalinin məşğulluğu, yeni iş yerlərinin yaradılması, sosial-məişət şəraitinin yaxşılaşdırılması, təhsilin, səhiyyənin, mədəniyyətin, idmanın inkişaf etdirilməsi, qəsəbələrdə abadlıq, quruculuq işləri, əhalinin qaz, su, elektrik enerjisinə olan tələbatının ödənilməsi, yeni infrastruktur sahələrinin yaradılması, sənaye sahələrinə dövlət qayğısı, ekoloji layihələrin gerçəkləşdirilməsi-qəbul edilmiş kino və foto sənədlərin mövzusunu təşkil edir.

Hazırda təhvil verilmiş sənədlərin arxiv fonduna qəbulu rəsmiləşdirilir, hər bir sənədin məlumat bazası hazırlanır.

azertag.az