Tələbələr arasında ekstremal idman yürüşü üzrə muxtar respublika birinciliyinə yekun vurulub
13.10.2017

Naxçıvandakı ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən ekstremal idman yürüşü üzrə muxtar respublika birinciliyinə yekun vurulub. Yürüş məsafəsi Duzdağ Fizioterapiya Mərkəzinin yolunu əhatə edib.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 26-cı ildönümünə həsr olunmuş yürüş Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri, Hava və Ekstremal İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilib. Birincilikdə 6 komandanın heyətində 60-a yaxın idmançı mübarizə aparıb.

Yarışın yekun nəticəsinə əsasən, qızların mübarizəsində qalib adını Naxçıvan Dövlət Texniki Kollecinin tələbəsi Cansu Abbasova qazanıb. Həmin kollecin digər tələbəsi Telli Abbasova ikinci, Naxçıvan Tibb Kollecinin tələbəsi Dünya Əmrahlı isə üçüncü olub.

Oğlanların mübarizəsində finiş xəttinə ilk olaraq Naxçıvan Musiqi Kollecinin tələbəsi Kazım Quliyev çatıb. Digər iki pillədə isə Naxçıvan Dövlət Texniki Kollecinin tələbəsi Cavid Qasımov və Naxçıvan Musiqi Kollecinin tələbəsi Səfər Tağıyev qərarlaşıblar.

Sonda qaliblərə təşkilatçılar tərəfindən diplom və hədiyyələr təqdim olunub.

azertag.az