Azərbaycanın turizm potensialı Rusiya regionlarında təqdim olunacaq
10.10.2017

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Rusiya nümayəndəliyi “Tour a vent” şirkəti “road show” – ölkəmizin turizm potensialı ilə tanışlıq kampaniyasına başlayır. İlk belə təqdimat Azərbaycanın Moskvadakı səfirliyində keçirilib.

Təqdimat mərasiminə Rusiyanın turizm agentliklərinin 100-dən çox nümayəndəsi qatılıb. Tədbir iştirakçılarına Azərbaycana ən müxtəlif turlar, o cümlədən “İpək yolu turu”, “Şərab turu“, “Həftə sonu turu”, “Qastronomik tur” və digər səyahət növləri, otellər, istirahət zonaları barədə məlumat verilib.

“Tour a vent” şirkətinin rəhbəri İqor Şaulov müsahibəsində Azərbaycana səyahətlərin rusiyalılar arasında populyarlığının getdikcə artdığını bildirib: “Bakının və bölgələrin müasir infrastrukturu, otellər, müalicə və istirahət obyektləri yerli turistlər üçün olduqca cəlbedicidir. Lakin Rusiya regionlarında Azərbaycanın turizm potensialı barədə məlumat çox azdır. Bu təqdimat turunda məqsədimiz də məhz Rusiya regionlarının turizm operatorlarını məlumatlandırmaq, onlarla əməkdaşlıq əlaqələri qurmaqdır”.

İ.Şaulov vurğulayıb ki, təqdimat turu Yekaterinburq, Kazan və Sankt-Peterburqda davam edəcək.

Ölkəmizin iri otel şəbəkələri və turizm mərkəzlərinin, o cümlədən “Şahdağ” Turizm Mərkəzi, “Qafqaz” və “Absheron Hotel Group”, “Fairmont”, “Rixos” otellərinin, “Gilan Holding”in məxsusi olaraq tanışlıq turunda iştirak etmək üçün gəlmiş nümayəndələri Azərbaycanda istirahətin üstünlüklərindən danışıblar, görüş iştirakçılarının suallarına cavab veriblər.

Tədbir çərçivəsində “Tour a vent” və “TBS Group” səyahət agentlikləri şəbəkəsi arasında əməkdaşlıq haqqında sənəd imzalanıb.

AZAL-ın “Buta” aşağı büdcəli aviaşirkətinin nümayəndəsi yeni loukosterin açılması ilə Azərbaycanda istirahətin daha da sərfəli olduğunu qeyd edib, turizm operatorlarının nümayəndələrinə yeni sərfəli tariflər barədə məlumat verib.

Sonda tədbir iştirakçıları arasında keçirilən lotereya oyununun qalibləri elan olunub, onlara hədiyyələr, “Pullman Baku”, “Qafqaz Baku Sport”, “Rixos Quba”, “Naftalan Hotel Qashalti” otellərində pulsuz qalmaq imkanı verən vauçelər təqdim edilib.

azertag.az