Bu gün Dünya Avtomobildən Azadolma Günüdür
22.9.2017

22 sentyabr - Dünya Avtomobildən Azadolma Günüdür. Həmin təqvim sürücüləri bir gün ərzində avtomobildən imtina etməyə, ictimai nəqliyyatdan istifadəyə, velosiped sürməyə və ya sadəcə gəzməyə təşviq edən qlobal bayramdır.

Ümumdünya Avtomobildən Azadolma Günü ilk dəfə 1995-ci ildə Böyük Britaniya, İslandiya və Fransada təşkil olunub. Elə həmin il kampaniyanı dəstəkləmək üçün Ümumdünya Avtomobildən Azadolma Günü konsorsiumu yaradılıb. İlk ümummilli kampaniya isə 1997-ci ildə İngiltərədə baş tutub.

Avropa Komissiyası 2000-ci ildə təşəbbüsü dəstəkləyib və nəticədə sentyabrın 22-də ilk dəfə Avropa miqyasında Dünya Avtomobildən Azadolma Günü keçirilib. Bununla yanaşı, eyni ildə kampaniya Dünya Avtomobildən Azadolma Şəbəkəsi sayəsində qloballaşıb.

Hazırda bu gün dünyanın 46 ölkəsində və 2 mindən çox şəhərində qeyd edilir. Bundan əlavə, bir çox ölkələr il ərzində müxtəlif tarixlərdə öz avtomobildən azadolma günlərini də təşkil edirlər.

azertag.az