Qəbələdə yeni tikilən modul tipli məktəblər istifadəyə verilib
20.9.2017

Sentyabrın 20-də Qəbələ rayonunda yeni inşa edilən məktəbə mediatur təşkil olunub.

Qəbələnin Seyidqışlaq kənd ümumi orta məktəbinə gələn iyirmi beşdən çox KİV nümayəndəsi və təhsil eksperti görülən işlər barədə məlumatlandırılıb. Bildirilib ki, 80 şagird yerlik məktəb 10 sinif otağı, 1 müəllimlər otağı, kitabxana və digər yardımçı otaqlardan ibarətdir. Rayonda daha bir modul tipli məktəb Cığatelli kəndində istifadəyə verilib. 56 şagird yerlik ümumi orta məktəbdə 7 sinif və 1 müəllimlər otağı var.

Səfər çərçivəsində media nümayəndələri Qəbələ rayonunun Aydınqışlaq kəndində əsaslı təmir olunan yeni məktəb binasının açılış mərasiminə də qatılıblar. Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Ətayə Osmanova, Təhsil Nazirliyinin məktəbəqədər və ümumi təhsil şöbəsinin müdir müavini Firuddin Həmzəyev, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Bildirilib ki, 1978-ci ildə tikilən və bu il əsaslı təmir olunan məktəbdə 24 sinif otağı, 2 laboratoriya və müəllimlər otağı istifadəyə verilib. Təhsil ocağında 364 şagirdin təlim-tərbiyəsi ilə 52 müəllim məşğul olur.

Qeyd edək ki, ilin sonunadək 44 rayon əhatə olunmaqla, 100 azkomplektli və qəzalı vəziyyətdəki kənd məktəbinin modul tipli məktəblərlə əvəzlənməsi nəzərdə tutulur. Modul tipli məktəblər Balakən, Sabirabad, Şəki, Quba, Qusar, Neftçala, Kürdəmir, Ağdaş, İsmayıllı, Tovuz, Göygöl, Tərtər, Göyçay, Qəbələ, Oğuz və digər rayonlarda inşa olunub. Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddətdə istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun rahatlıqla azaldılıb-artırılmasıdır. Modul tipli məktəblərin tikintisində əsasən yerli istehsal məhsullarından istifadə edilir.

azertag.az