Volqoqradda Azərbaycan mədəniyyəti festivalı keçirilib
18.9.2017

"Volqoqrad-Bakı Dostluq Parkı"nda Volqoqrad Vilayəti Millətlərin və Kazakların İşi Komitəsi, Rusiya Xalqlar Assambleyasının Volqoqrad bölməsi və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) Volqoqrad bölməsi tərəfindən Azərbaycan mədəniyyəti festivalı keçirilib.

RAGB-dən bildirilib ki, tədbiri vilayət İctimai Palatasının üzvü Olesya Biryulkina və RAGB Volqoqrad bölməsinin sədri Dünya Əhədova açıblar. Festival iştirakçılarını Volqoqrad Şəhər Dumasının deputatı Yelena Stanislavovna da salamlayıb. Fəxri qonaqlar sırasında milli ictimai təşkilatların rəhbərləri də olublar.

Rəsmi hissədən sonra təqdim edilən konsert proqramı müxtəlif millətlərin nümayəndələrinin çıxışlarını, milli geyimlərdə dəfiləni, "Boyarskiye priçudı" adlı moda nümayişini əhatə edib. Bundan başqa, azərbaycanlı gənclər tədbirə gələnləri milli güləş fəndləri ilə tanış ediblər, qızlara isə Azərbaycan rəqsi ifaçılığının sirləri açılıb. Qonaqlar ziyafətdə Azərbaycan mətbəxinin nümunələrindən dadıblar.

Günün birinci yarısında parkın monitorunda Azərbaycan tarixi haqqında videomaterial nümayiş etdirilib. Tədbir açıq səma altında coşqun diskoteka ilə başa çatıb.

Festivalın təşkilində və keçirilməsində müxtəlif millətlərin nümayəndələri iştirak ediblər. Dəfilədə rus, Azərbaycan, çeçen, inquş geyimləri nümayiş etdirilib. Ərəb-inquş mənşəli bacılar Bata Fatimə və Məryəm Azərbaycan və ümummilli lider Heydər Əliyev haqqında şeirlər söyləyiblər. Konserti isə kazak Vladimir Sergeyev açıb.

Tədbirdə ruslar, azərbaycanlılar, dağıstanlılar, çeçenlər, inquşlar və digər xalqların nümayəndələri birlikdə Azərbaycan rəqsi "Yallı"nı ifa ediblər.

azertag.az