Cənubi Koreya Azərbaycana ixrac etdiyi dərman preparatlarının sayını artırmaq istəyir - ARAŞDIRMA
26.7.2017

"Cənubi Koreyanın dərman istehsalçı şirkətləri Azərbaycan bazarında fəaliyyətlərini genişləndirmək niyyətindədirlər. Hazırda yerli bazarda 30 dərman istehsalçı şirkəti ilə təmsil olunan ölkə onların sayını artırmağı planlaşdırır".
Bunu Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyinin direktoru Oh Myunq Hun deyib.
Onun sözlərinə görə, Cənubi Koreya Azərbaycana dərman ixrac etmək istəyən şirkətlərinin sayını artırmaq məqsədi ilə İqtisadiyyat Nazirliyi və Tarif Şurası ilə görüşlər keçirməyi nəzərdə tutub.
"Azərbaycan hökumətinin nümayəndələri ilə görüş zamanı Cənubi Koreya şirkətlərinin ixrac zamanı üzləşdikləri əsas çətinliyi müzakirə etmək niyyətindəyik. Hazırda Cənubi Koreya Azərbaycan əczaçılıq bazarında 30 şirkət ilə təmsil olunur, halbuki bu rəqəm iki dəfə çox ola bilər. Buna səbəb Azərbaycana göndərilən dərman preparatlarının maya dəyərinin yerli bazarda reallaşdırılan qiymətdən əslində baha olmasıdır. Belə ki, Tarif Şurası dərman vasitəsinin qiymətlərinin tənzimlənməsi metodologiyasını müəyyən edərkən ölkələri 3 kateqoriya üzrə təsnifləşdirib. I kateqoriyaya Almaniya, İsveçrə, Fransa, İngiltərə, Norveç, II kateqoriyaya Avropa İttifaqına üzv olan 9 ölkə və Türkiyə, III kateqoriyaya isə C. Koreya da olmaqla digər ölkələr daxil ediliblər. Bu tənzimlənmə nəticəsində I, II və III kateqoriya istehsalçılar arasında məhsulun istehsal qiymətinin fərqi də dəfələrlə dəyişib. Məsələn, eyni molekuladan olan dərmanın istehsalı I kateqoriya üçün 10 dollar, II kateqoriya üçün 7-8 dollar, III kateqoriya üçün isə 4-5 dollara başa gəlir", - agentliyin direktoru bildirib.

report.az