Xəzər Universiteti dünya ali təhsil məkanında
20.7.2017

Dünyada ali təhsili dəyərləndirən beynəlxalq “QS” təşkilatı (“QS Top 50 Under 50”) illik universitet reytinqini açıqlayıb. Bu reytinq bütün dünya üzrə 50 ildən az fəaliyyət göstərən gənc universitetləri əhatə edir. Reytinqin əsas məqsədi yaşlarının az olmasına baxmayaraq artıq özünü sübut etmiş və uzun tarixə malik olan universitetlərlə yarışa biləcək ali məktəblərin dəyərləndirilməsidir. Dünyanın 53 ölkəsindən 150 ən yaxşı gənc universitet bu siyahıya daxil edilib. Xəzər Universiteti Azərbaycandan bu siyahıda yer alan yeganə universitetdir. Xəzər Universiteti Middlesex Universiteti (Birləşmiş Krallıq), Dublin Texnologiya İnstitutu (İrlandiya), Bielefeld Universiteti (Almaniya), London Metropolitan Universiteti (Birləşmiş Krallıq), Nottingham Trent Universiteti (Birləşmiş Krallıq) və George Mason Universiteti (ABŞ) kimi tanınmış universitetlərlə bir sırada yer alıb.

Xəzər Universitetindən bildirilib ki, keçmiş sovet ölkələrindən Azərbaycan, Qazaxıstan, Rusiya və Ukrayna bu siyahıda bir universitetlə təmsil olunub. Türkiyədən bu siyahıya dörd universitet (Bilkent Universiteti, Koç Universiteti, Sabancı Universiteti və Çukurova Universiteti) daxil edilib.

Dünyanın gənc universitetlərin fəaliyyəti elm və təhsil dünyasında, işəgötürənlər arasında nüfuzla, nəşr etdirdiyi elmi məqalələr və onlara istinadla, müəllim-tələbə, xarici müəllimlərin və tələbələrin nisbəti kimi meyarlar üzrə qiymətləndirilib.

azertag.az