Aprel döyüşləri qəhrəmanlarının şücaət anları rəsm əsərlərində
19.7.2017

Jurnalist Ekspert Mərkəzi İctimai Birliyi (JEM) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Aprel döyüşləri qəhrəmanlarının şücaət anını əks etdirən rəsmlərin yeniyetmə rəssamlar tərəfindən çəkilməsi və sərgilənməsi” layihəsinə başlayır.

İctimai birlikdən bildirilib ki, Azərbaycan Dövlət Uşaq Filarmoniyasında keçirilən təqdimat mərasimində JEM-in sədri Ceyhun Musaoğlu çıxış edərək rəhbəri olduğu layihənin noyabr ayınadək davam edəcəyini, bu layihəyə rəsm dərnəyindən yeniyetmələrin cəlb olunacağını diqqətə çatdırıb.

Rəssamlar 2016-cı ilin aprel döyüşlərində işğalçı Ermənistan ordusunun təxribatlarının qarşısını alarkən şəhidlik zirvəsinə ucalan əsgər və zabitlərin şücaət göstərdiyi anları əks etdirən rəsmlər çəkəcəklər. Sərgisi keçiriləcək əsərlər sonra muzeyə hədiyyə olunacaq.

Layihə rəhbərinin sözlərinə görə, məqsəd əsgərlərimizin qəhrəmanlığını rəsmlərdə əbədiləşdirməklə yanaşı, gənc nəslin yaradıcı nümayəndələrində vətənpərvərlik ruhu aşılamaq, yeniyetmələri dövlətçilik ənənələrinə sadiq qalmağa, azərbaycançılıq məfkurəsinə söykənərək yaşayıb-yaratmağa, Vətən uğrunda canlarından keçən şəhidlərlə qürur duymağa sövq etməkdir. Rəsm müəllifləri diplom və hədiyyələrlə mükafatlandırılacaq.

Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru, Əməkdar İncəsənət Xadimi Dilarə Əliyeva rəhbərlik etdiyi kollektivin layihəyə cəlb edilməsindən məmnunluğunu, dərnək üzvlərinin bu işi yüksək səviyyədə həyata keçirəcəklərinə inandığını bildirib. Direktor müavini Samirə Əmiraslanova isə qeyd edib ki, vətənpərvərliyin, qəhrəmanlığın təbliği cəmiyyətin sağlam inkişafında böyük rol oynayır. Gənc nəslin bu həqiqəti indidən dərk etməsi vacibdir.

Rəsm dərnəyinin rəhbəri Gilan Əzizxanlı layihənin məsuliyyətindən, eyni zamanda, iştirakçılara qürur hissi yaşadacağından söz açıb. O, aprel döyüşlərində şəhid olmuş gənc heykəltəraş Samir Kaçayevi xatırlayaraq, uşaqlar arasında onun yaradıcılıq yolunu davam etdirəcək istedadların olduğunu söyləyib. Müəllimlər - Günay Qarayeva və Gürşad Quliyeva şagirdlərinin yaradıcılıq imkanlarını vurğulayaraq, yaradılacaq obrazların qəhrəman şəhidlərimizin adlarına layiq olacağına əminlik ifadə ediblər.

Şagirdlərdən Gövhər İsmayılova, Hüseyn İbrahimov, Ofeliya İbrahimova şəhid qəhrəmanların obrazlarını yaratmağa hazır olduqlarını diqqətə çatdırıblar.

Sonda yeniyetmə rəssamlara tanınmış jurnalist Aida Eyvazlının aprel döyüşləri şəhidlərindən bəhs edən “Qalibiyyət - şahidlər və şəhidlər” kitabı paylanılıb. Bu kitab qəhrəmanlarımızı yaxından tanımaq, onların obrazlarını daha dolğun canlandırmaq üçün yaxşı əyani vəsaitdir.


azertag.az