Bakı Ali Neft Məktəbində ilk “Məzun günü” keçirilib
14.7.2017

Bakı Ali Neft Məktəbində (BANM) ilk “Məzun günü” keçirilib.
Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbirdə SOCAR prezidenti, millət vəkili Rövnəq Abdullayev, BP şirkətinin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə regional prezidenti Qari Counz, təhsil nazirinin müavini Firudin Qurbanov, SOCAR və BP şirkətlərinin rəsmiləri və müəssisələrinin rəhbərləri, ali məktəblərin rektorları, transmilli şirkətlərin nümayəndələri, Böyük Britaniyanın Heriot-Watt Universitetinin nümayəndələri, Ali Məktəbin professor-müəllim heyəti, məzunlar və valideynlər iştirak ediblər.
Tədbir Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə 1 may 2017-ci il tarixində keçirilən BANM-in yeni kampusunun açılışına həsr olunmuş video-çarxın nümayişi ilə başlayıb.
BANM-in rektoru Elmar Qasımov çıxış edərək qonaqları salamlayıb, məzunları və onların valideynlərini əlamətdar gün münasibətilə təbrik edib, onlara gələcək həyatlarında və peşə fəaliyyətlərində uğurlar arzulayıb. Rektor qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin gənclərə olan qayğısı nəticəsində ölkədə hər sahədə, eləcə də, ali təhsil ocaqlarında onların yüksək səviyyəli təhsil almaları üçün hər cür şərait yaradılıb.
“Azərbaycanın ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında yüksək bal toplayaraq Bakı Ali Neft Məktəbinin tələbəsi adını qazanıb, ölkəmizin intellektual gəncliyinin BANM-dən məzun olmaları bizim üçün qürurverici hadisədir”,- rektor vurğulayıb.
E.Qasımov BANM-in məzunlarının uğurlarından söhbət açaraq deyib ki, Ali Məktəbin bir sıra məzunu dünyanın ən nüfuzlu ali təhsil müəssisələrinin magistratura pilləsinə təqaüd qazanmaqla daxil olublar. Digərləri isə SOCAR-Türkiyə, Star Refinery, BP və bu kimi transmilli şirkətlərə işə qəbul olunublar.
SOCAR prezidenti, millət vəkili Rövnəq Abdullayev BANM-in ilk məzunlarını təbrik edərək onlara Azərbaycanın milli təhsil brendi olan Bakı Ali Neft Məktəbin ənənələrini davam etdirib yüksək səviyyəli neft-qaz mütəxəssisi olmağı arzulayıb: “Prezident İlham Əliyev tərəfindən bizim qarşımıza qoyulan vəzifələr, “Biz neft kapitalını insan kapitalına çevirməliyik” vəzifəsi artıq yerinə yetirilir və siz gənclər Azərbaycanın gələcəyini quran mütəxəssislər kimi yetişəcək, gələcək inkişafımız üçün yüksək səviyyədə sənayemizi inkişaf etdirəcəksiniz”.


report.az