Azərbaycan UNESCO Proqramının Beynəlxalq Koordinasiya Şurasının konfransında təmsil olunub
13.6.2017

UNESCO–nun “İnsan və biosfera” Proqramı (MAB) Beynəlxalq Koordinasiya Şurasının 29-cu sessiyası Parisdə, qurumun baş qərargahında işə başlayıb.

Ölkəmizi tədbirdə UNESCO yanında daimi nümayəndəliyimizin rəhbəri səfir Anar Kərimov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov təmsil edirlər.

Konfransda “İnsan və biosfera” proqramı katibinin, üzv dövlətlərin fəaliyyətinə, regional və tematik MAB şəbəkələrə dair hesabatlar, eləcə də dövri icmal hesabatlar dinləniləcək.

Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri Anar Kərimov ölkəmizin UNESCO ilə elm sahəsində, xüsusilə də “İnsan və biosfera” proqramı vasitəsilə əməkdaşlığa böyük önəm verdiyini bildirib. O, iqlim dəyişikliyinin Planetimizə mənfi təsirlərinə toxunaraq, bioloji müxtəlifliyin və təbii ehtiyatların qorunub saxlanması və davamlı istifadəsini təmin etməyin vacibliyini bildirib. Səfir bioloji müxtəlifliyin qorunub saxlanması və müvafiq davamlı inkişaf məqsədlərinin həyata keçirilməsində konkret nəticələr əldə olunmasında MAB-ın əhəmiyyətindən söz açıb.

Anar Kərimov bioloji müxtəlifliyin qorunub saxlanmasının hökumətimizin əsas prioritetlərindən olduğunu vurğulayıb, bu istiqamətdə ölkəmizdə görülən ən son fəaliyyətlərdən danışıb. O, Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə 2016-cı il oktyabrın 3-də “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017–2020-ci illər üçün Milli Strategiya”nın qəbul olunduğunu diqqətə çatdırıb.

Səfir Milli Strategiyanın əsas məqsədləri arasında bioloji müxtəlifliyin gələcək nəsillər üçün qorunub saxlanmasının, yoxsulluğun aradan qaldırılmasının, “Yaşıl iqtisadiyyat”a keçidin, ətraf mühitə dair təhsilin təşviqinin olduğunu da bildirib. Vurğulayıb ki, Milli Strategiya MAB Strategiyası (2015-2025) və Lima Fəaliyyət Planı (2016-2025) ilə uyğundur. O, MAB Proqramı Beynəlxalq Koordinasiya Şurasına üzv olan ölkəmizin bioloji müxtəlifliyin qorunub saxlanması sahəsində beynəlxalq əməkdaşlığa töhfə verdiyini diqqətə çatdırıb.

Dövlət İdarəçilik Akademiyasının rektoru, MAB üzrə Azərbaycan Milli Komitəsinin sədri Urxan Ələkbərov bioloji müxtəlifliyi qorumaq və davamlı inkişaf hədəflərinə nail olmaq üçün insan bacarıqlarının artırılmasının əhəmiyyətinə toxunub. Qeyd edib ki, ölkəmizdə davamlı inkişafın idarə edilməsi ixtisasının tədrisi ilk dəfə milli təhsil proqramına daxil edilib. Bu istiqamətdə bakalavr, magistr və doktorluq səviyyəsində təhsil təmin edilib. Dünya Bankının statistikasına görə, Azərbaycanda ümumi daxili məhsulun istehsalında enerjinin istifadə edilməsi son 10 ildə üç dəfə azalıb. Bu postsovet ölkələri arasında ən yaxşı, G7 ölkələri arasında isə yaxşı göstəricilərdən biri olub.

Qeyd edək ki, UNESCO-nun “İnsan və biosfera” Proqramı dünyada bioloji müxtəlifliyin qorunub saxlanması istiqamətində dövlətlərarası elmi proqramdır və beynəlxalq səviyyədə insan-təbiət münasibətlərinin təkmilləşdirilməsi məqsədilə yaradılıb və bu sahədə beynəlxalq əməkdaşlığı əlaqələndirir.

Azərbaycan 2015-ci ildə UNESCO-nun baş konfransında MAB Proqramının Beynəlxalq Koordinasiya Şurasına 4 il müddətinə seçilib.

UNESCO–nun “İnsan və biosfera” Proqramı Beynəlxalq Koordinasiya Şurasının 29-cu sessiyası iyunun 15-dək davam edəcək.



azertag.az