Əli və Nino heykəli dünyanın ən qeyri-adi heykəltəraşlıq nümunələrindən biri hesab edilib
13.6.2017

Batumidə quraşdırılmış hərəkət edən "Əli və Nino" heykəli populyar "BrightSide" saytı tərəfindən tərtib edilən dünyanın 15 ən qeyri-adi və möhtəşəm heykəltəraşlıq nümunəsi siyahısında yer alıb.
Heykəlin rəsmi adı "Kişi və qadın" olsa da, o daha çox "Əli və Nino" kimi tanınır. Belə ki, onun memarı Tamar Kvesitadze layihə üzərində işləyən zaman eyniadlı romanının qəhrəmanlarının obrazından ilham alıb.
"Fiqurlar daim hərəkətdədir: əvvəlcə bir-birənə yaxınlaşırlar, birləşirlər, sonradan uzaqlaşırlar", - "BrightSide" yazıb.
Qeyd edək ki, yazıçı Qurban Səidin bestselleri olan "Əli və Nino" əsəri Azərbaycanın müstəqilliyi uğrunda mübarizədən və XX əsrin əvvəllərində müxtəlif dinlərə məxsus iki gəncin sevgisindən bəhs edir.
"BrightSideMe" reklam, yaradıcılıq və marketinq strategiyaları barədə məlumat verən nəşrdir. Mənzil-qərargahı Almaniyada yerləşən sayt qısa zaman ərzində mövcud olmasına baxmayaraq, ən böyük əyləncə mediaresursuna çevrilib. O, bu gün daha çox ABŞ-da populyardır.


report.az