Moskvada “Ənənələr və müasirlik” Beynəlxalq Təsviri Sənətlər Festivalı keçirilir
9.6.2017

Moskvada, “Manej” Mərkəzi Sərgi Salonunda “Ənənələr və müasirlik” XII Beynəlxalq Təsviri Sənətlər Festivalının açılışı olub.

Açılış mərasimində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Sereteli, Akademiyanın vitse-prezidenti Tahir Salahov və başqaları iştirak ediblər. Festivalda Azərbaycanı rəssam Rufina Abbasova təmsil edir. Rəssamın əsərləri qrafika ilə rəngkarlığın sintezindən ibarət unikal texnikada yerinə yetirilib.

Moskva Mədəniyyətin və Müasir İncəsənətin İnkişafına Dəstək İctimai Fondunun prezidenti, festivalın təşkilat komitəsinin sədri və kuratoru Vera Kiselyova bildirib ki, festivalın əsas ideyası müxtəlif istiqamətlərdə və janrlarda işləyən rəssamları bir sərgi məkanında toplayaraq, dünya incəsənətinin bütün palitrasını nümayiş etdirməkdir. Bu il festivalda Azərbaycan, Anqola, İsrail, ABŞ və Böyük Britaniyadan 300-dən çox iştirakçı öz əsərlərini nümayiş etdirir. “VERA World Fine Art Festival” adı ilə xarici ölkələrə “qastrol səfərlərinə çıxan” festival Rusiyadan sonra Çin və Portuqaliyaya yollanacaq.

Ən yaxşı rəssamlara beynəlxalq mükafatlar təqdim ediləcək.

Beynəlxalq Təsviri Sənətlər Festivalı UNESCO-nun himayəsi və RF Mədəniyyət Nazirliyinin, “Sərhədsiz dünya” Beynəlxalq Fondunun, Moskva hökumətinin və Moskva Şəhər Mədəniyyət Departamentinin dəstəyi ilə keçirilir.

azertag.az