“Sərgüzəşti-vəziri-xani-Lənkəran” tamaşası şimal-qərb bölgəsində təqdim ediləcək
19.5.2017

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti gələn ay respublikamızın bölgələrinə qastrol səfərinə çıxacaq.

Teatrdan bildirilib ki, səfər dövlət başçısının təsdiq etdiyi “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində baş tutacaq.

Bu dəfə teatrın yaradıcı heyəti milli dramaturgiyamızın banisi, ölməz Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə respublikanın şimal–qərb bölgəsində çıxış edəcək.

Tamaşanın quruluşçu rejissoru Xalq Artisti Cənnət Səlimova, əsas obrazların ifaçıları Əməkdar artistlər Gülər Nəbiyeva, Leyli Vəliyeva, Şövqi Hüseynov, Nofəl Vəliyev, aktyorlar Şəbnəm Hüseynova, Zülfiyyə Alhüseynova, Aydın Dəmirov, Kərəm Hadızadə, Ramil Məmmədov, Elnur Hüseynov, İradə Rəşidova və başqalarıdır.

Hər il ənənəvi olaraq mövsümün sonunda həyata keçirilən qastrol səfəri bu il iyunun 12-dən 16-dək davam edəcək.

azertag.az