YAY Qalereyasında “1001” gecə adlı sərgi açılıb
28.4.2017

Aprelin 27-də YAY Qalereyasında altı gənc rəssamın “1001 gecə” adlı qrup sərgisi açılıb.

Sərgi müasir incəsənət sahəsində çalışan görkəmli Azərbaycan rəssamlarının rəngkarlıq, heykəltəraşlıq və instalyasiya nümunələrini özündə birləşdirir.

Rəssamlar Orxan Hüseynov, Faiq Əhməd, Fərid Rəsulov, Rəşad Ələkbərov, Hüseyn Haqverdi və Reza Hazarenın sənət silsiləsinin yer aldığı sərginin ideyası İslam mədəniyyəti dəyərləri və onların müasir dövrə necə uyğunlaşması, hansı transformasiyalara uğraması məsələlərindən ibarətdir. Belə ki, rəssam Orxan Hüseynovun kosmonavtlar və ərəb yazıları əks olunan “Müsəlman kosmonavtları” adlı silsiləsi tarixi tədqiqatlar əsasında yaradılıb. Rəssam bu əsərlərdə müsəlman kosmonavtların mövcudluğunu vurğulayaraq kosmonavtların yalnız Qərb ölkələrindən olması fikrini puç edir. Silsilə insani ənənələrin yenidən qiymətləndirilməsi zamanı yaranan mürəkkəb motivlər və unikal kombinasiyalara diqqət yetirməyə həvəsləndirir.

Faiq Əhməd “Adsız” əsərində ənənəvi xalçanın bir hissəsinin strukturunu pozaraq, klassik elementlərin bir qismini qabardır. Rəssam adi ikiölçülü xalçanı dəyişərək, üçölçülü və həcmli şəkildə təqdim edir. Bu, rəssamın xalçalarla etdiyi konseptual transformasiya və qaydadan kənara çıxmaq ideyasının davamıdır.

Rəşad Ələkbərovun “Şəbəkə”, “Və o dedi...” adlı kölgə instalyasiyaları onun ənənəvi elementləri fərqli formada göstərmək ideyasına əsaslanır. Rəssam şəbəkə sənətini özünəməxsus üslubda davam etdirərək, işıq və kölgə vasitəsilə onun yeni nümunəsini yaradıb. “Və o dedi...” instalyasiyasında isə İslam dünyasının ən uca dəyəri olan müqəddəs Qurani-Kərimdən götürülmüş kəlamdan istifadə olunub.

Sərgidə nümayiş olunan növbəti sənət əsəri Fərid Rəsulovun “Şəbəkə” instalyasiyasıdır. Bu əsər Qərb ekvivalenti - vitraj sənətinin Şərq nümunəsi olmaqla yanaşı, Azərbaycan memarlığının incilərindən sayılır. Rəssam, ənənəvi olaraq kiçikölçülü şəbəkəni yeni interpretasiyada - hissəcikləri qabardaraq, daha həcmli təqdim edir.

Hüseyn Haqverdinin “Qırılma” silsiləsindən olan heykəl və tabloları rəssamın incəsənətin fərqli növlərinə eyni üsulla yanaşmasını nümayiş etdirir. Digər əsərlərində olduğu kimi, bu silsilədə də materialın fakturası, görünüşü ilə dialoqa girir, cizgiləri və rəng laylarının uyuşmasını danışdırır.

Reza Hazarenin “Nasazlıq bağçası” silsiləsindən olan qrafik əsərlərdə rəssam qəhrəmanlarının arxa fonunu boş saxlayaraq, insandan başqa hər şeyin boş və mənasız olması ideyasını diqqətə çatdırmaq istəyir. Eyniadlı silsiləyə daxil olan kiçikölçülü, yağlı boya ilə yaradılmış tabloların personajları hər zaman tənhalıqdan uzaq qaçmaq arzusundadırlar.

Bir-birindən maraqlı və düşündürücü instalyasiya, heykəl və tabloların sərgiləndiyi ekspozisiya maraqla qarşılanıb.

İyunun 11-dək davam edəcək sərginin kuratoru Fərəh Ələkbərlidir.

azertag.az