Azərbaycanın milli geyimi Vaşinqtonda keçirilmiş müsabiqədə qalib gəlib
28.4.2017

Aprelin 26-da Vaşinqton meriyasının təşəbbüsü, “Macy’s” Ticarət Mərkəzi və “Cultural Tourism DC” təşkilatının birgə təşkilatçılığı ilə ABŞ-ın paytaxtında “Macy’s Global Fashion” mədəni tədbiri keçirilib. Tədbir “Dünya boyu səfirliklərə səyahət” adlı proqramın 10 illiyi münasibətilə təşkil olunub.

“Macy’s Global Fashion” mədəni tədbiri çərçivəsində 38 ölkə səfirliyi arasında “Ən yaxşı milli geyim" adlı müsabiqə keçirilib. Azərbaycanın milli geyimi müsabiqədə qalib gəlib və bir ay ərzində Vaşinqtonun mərkəzində yerləşən məşhur “Macy’s” vitrinlərində sərgilənəcək. Azərbaycanla yanaşı, müsabiqədə digər beş dövlət də qaliblər sırasında yer alıb.

Tədbirin açılışında çıxış edən “Cultural Tourism DC” təşkilatının icraçı direktoru Stiven Şulman bildirib ki, mərasimin keçirilməsində əsas məqsəd Amerika vətəndaşlarını müxtəlif mədəniyyətlərlə tanış etməkdir.

Daha sonra o, Vaşinqtonda artıq ənənə halı almış bu təşəbbüsdə Azərbaycanın ABŞ-dakı səfirliyinin ardıcıl olaraq 5 il fəal iştirak etdiyini diqqətə çatdırıb və qonaqlar üçün təşkil olunmuş ziyafətdə ölkəmizin istehsalı olan şərabların təqdim olunmasına görə Azərbaycana minnətdarlığını bildirib.

azertag.az