Səfir: “İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi Azərbaycanı dünyada daha da tanıdacaq”
27.4.2017

Məlum olduğu kimi, mayın 12-də Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları başlayır.

Bu münasibətlə İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fanani müsahibə verib. Səfir ölkəmizdə oyunlara hazırlıq, İndoneziyanın bu yarışlarda iştirakı, həmçinin iki dövlət arasındakı əlaqələrdən bəhs edib:

-Azərbaycan gələn ay İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. Onu da xatırlatmaq yerinə düşər ki, 3-cü İslam Həmrəyliyi Oyunları İndoneziyada keçirilib. Bu səbəbdən Azərbaycanın hazırlıq vəziyyətinin necə olduğunu çox yaxşı bilirəm. Təbii ki, digər beynəlxalq tədbirlərdə olduğu kimi Azərbaycan da bu tədbiri təşkil etmək üçün başqa ölkələrdən nümayəndələr dəvət etmişdi. Əgər biz ümumi şəkildə tədbirin hazırlıqlarını qiymətləndirsək, bu zaman Azərbaycanın hazırlığı böyük bir tədbirin keçirilməsi baxımından çox yaxşı səviyyədədir. Təbii ki, bu tədbirə ev sahibliyi etməsi Azərbaycanın dünyada daha da tanınmasına səbəb olacaq. Azərbaycan Xəzər hövzəsində yerləşən möhtəşəm bir ölkə kimi diqqəti cəlb edəcək.Bütün dünya Azərbaycanda bu tədbirin keçirliməsi barədə danışacaq. Bu onun göstəricisidir ki, Azərbaycan bütün dünya ölkələri müsəlmanlarını təmsil edə bilir. Eyni zamanda hər kəs Azərbaycanın sülhsevər, qonaqpərvər olduğunu bir daha görəcək.
Səfir, həmçinin, iki ölkə arasındakı münasibətlərdən də danışıb:
-İndoneziya ilə Azərbaycan arasındakı münasibətlər çox yaxşıdır. İndoneziya Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyü dəstəkləyib. Hazırda da iki ölkənin münasibətləri inkişaf etməkdə və güclənməkdədir. Bununla bağlı təbii ki, bir sıra görüləcək işlər də var. Münasibətlərimiz əsasən ticarət, iqtisadiyyat, mədəniyyət, təhsil sahəsində əlaqələrin güclənməsinə mərkəzləşib. Eyni zamanda bizi iki dövlət olaraq birləşdirən həm də İslam dinidir. 

 -Biz bu il Azərbaycan Prezidentinin İndoneziyaya səfərini gözləyirik. Səfər oktyabr-noyabr aylarında baş tutmalıdır. Bundan əlavə, digər səfərlər də planlaşdırılır. Azərbaycanda keçirləcək beynəlxalq tədbirlərdə İndoneziyadan da nümayəndə heyətləri qatılacaq.

Sentyabrda Bakıda ikinci İndoneziya Mədəniyyət günləri olacaq. İki gün davam edəcək bu tədbir daha geniş şəkildə keçiriləcək. İndoneziyadan qonaqlar, həmçinin turizm, ticarət, mədəniyyət sahəsi ilə əlaqədar nümayəndə heyətlər, rəqqaslar müğənnilər dəvət olunacaq.


1news.az