“Azərişıq” ASC-də IV İslam Həmrəyliyi Oyunlarına son hazırlıqlar aparılır
26.4.2017

“Azərişıq” ASC-də IV İslam Həmrəyliyi Oyunlarına son hazırlıqla bağlı iclas keçirilib.

ASC-nin mətbuat xidmətindən bildirilib ki, qurumun sədri Baba Rzayevin rəhbərliyi ilə keçirilən növbəti toplantıda bu mötəbər idman tədbiri ilə əlaqəli bütün məsələlər yenidən müzakirə olunub.

B.Rzayev bildirib ki, İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədrliyi ilə keçirilmiş yekun iclasında idman tədbirlərinə hazırlıq işlərinin gedişatı müzakirə olunub və əlaqədar təşkilatların qarşısına çox ciddi məsələlər qoyulub. O cümlədən, “Azərişıq” ASC qarşısında da çox böyük öhdəliklər var.

İclasda qeyd olunub ki, 12-22 may tarixlərində Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmlənməsində önəmliliyini nəzərə alan “Azərişıq” ASC uzun müddətdir ki, yarışların keçiriləcəyi yerlərin, o cümlədən tədbirlə bağlı sosial infrastrukturların fasiləsiz və yüksəkkeyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi üçün təşkilati və texniki tədbirlər həyata keçirib. İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi ərazilərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatı ilə bağlı 2017-ci ilin yanvarında rəhbərlik tərəfindən müvafiq əmr və sərəncamlar imzalanıb. Həmin sərəncamların icrası ilə əlaqədar idman yarışlarının və məşqlərinin keçiriləcəyi obyektlərin, ölkəmizə gələcək nümayəndə heyətlərinin, qonaqların yerləşdiriləcəyi mehmanxanaların, habelə ictimai iaşə, mədəniyyət, əyləncə və digər sosial obyektlərin elektrik təchizat sistemlərinin texniki vəziyyəti yoxlanılıb, elektrik şəbəkələrində müvafiq təftiş və sınaq işləri aparılıb. Yoxlama-sınaq zamanı bəzi idman obyektlərində müəyyən edilmiş qüsurlarla bağlı rəsmi şəkildə əlaqədar federasiyalara və sözügedən obyektlərə tələbnamələr təqdim edilib. Eyni zamanda, vəziyyətlə bağlı İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi məlumatlandırılıb. Artıq həmin obyektlərdə qüsur və çatışmazlıqların aradan qaldırılması ilə bağlı tədbirlər görülür.

Oyunların keçiriləcəyi yerlərin, eyni zamanda, tədbirlə bağlı sosial infrastrukturların fasiləsiz və yüksəkkeyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi üçün “Azərişıq” ASC sədrinin əmrinə əsasən, yarışların hazırlıq dövründə görülən işlərin əlaqələndirilməsi məqsədilə Səhmdar Cəmiyyət üzrə Mərkəzi Qərargah da yaradılıb. Məsul şəxslər cəlb olunmaqla tam əhatəli Tədbirlər Planı hazırlanıb. Bu məqsədlə idman oyunlarının keçiriləcəyi yerləri, habelə bununla bağlı digər obyektləri qidalandıran yarımstansiya və transformator məntəqələrində quraşdırılan rele mühafizəsi, avtomat qurğuların istismarı üzrə təlimatların bir daha təkmilləşdirilməsi, aidiyyəti üzrə göndərilməsi, yarışlarda növbə çəkəcək əməliyyat heyəti və məsul şəxslərin təkrar treninqlərə cəlb olunması təmin edilib. İclasda qeyd olunub ki, idman tədbirinə hazırlıq dövründə və yarışların keçiriləcəyi günlərdə elektrik enerjisi təchizatı ilə bağlı yarana biləcək bütün məsələlərin operativ həll olunması üçün Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi ilə koordinasiyalı fəaliyyətin təşkili məqsədilə “Azərişıq” ASC-də xüsusi qrup da yaradılıb.

Oyunların keçiriləcəyi 16 idman obyektini 25 yarımstansiya və 12 transformator məntəqəsi elektrik enerjisi ilə təmin edəcəyini bildirən Texniki Departamentin direktoru hazırlıqla bağlı ASC-nin 292 əməkdaşının mayın 10-dək təlim keçəcəklərini qeyd edib.

azertag.az