İkinci buktreyler festivalının qalibləri elan olunacaq
21.4.2017

Kinoaktyor Ruslan Sabirlinin təşəbbüsü əsasında Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi, Beynəlxalq Muğam Mərkəzinin tərəfdaşlığı ilə keçirilən “Kitabı tanıdın, kitabla tanının” sloqanlı ikinci buktreyler festivalının münsiflər heyəti buktreylerlərin qiymətləndirilməsinə yekun vurub. Təşkilat Komitəsi səslərin hesablanmasına başlayıb.

Qaliblər aprelin 21-də Beynəlxalq Muğam Mərkəzində ziyalıların, tanınmış simaların iştirak edəcəyi mükafatlandırma mərasimində elan olunacaq.

Festivalın məqsədi kitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formaların inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır.

Festivalın obyektiv keçirilməsi məqsədilə buktreylerlər hər bir münsif üzvü tərəfindən ayrılıqda qiymətləndirilib.

Qeyd edək ki, festivalda birinci (2 nəfər), ikinci (2 nəfər) və üçüncü (3 nəfər) yerin qaliblərinə hərəsinə müvafiq olaraq 1000, 800 və 500 manat pul mükafatı veriləcək.

azertag.az