Bakıda “Misir azərbaycanlı uşaqların gözü ilə” adlı sərgi açılıb
21.4.2017

Aprelin 20-də Azərbaycanda Fransız İnstitutunda “Misir azərbaycanlı uşaqların gözü ilə” adlı rəsm sərgisi açılıb.

Frankofoniya həftələri çərçivəsində baş tutan sərgi Fransanın ölkəmizdəki səfirliyi və institutun təşkilatçılığı ilə gerçəkləşib.

Tədbirdə Fransanın ölkəmizdəki səfiri xanım Aureliya Buşez və Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami Elaydi çıxış edərək sərginin əhəmiyyətindən danışıb. Bu tip sərgilərin ölkələr arasındakı mədəni əlaqələrin inkişafına xüsusi töhfə verəcəyini deyən diplomatlar iştirak edən hər kəsə təşəkkürlərini bildiriblər.

Vurğulanıb ki, sərgidə nümayiş olunan 10-dan çox sənət əsəri Misirin tarixini əks etdirir. Frankofoniya həftələri çərçivəsində reallaşan tədbirin önəmini qeyd edən natiqlər hər il olduğu kimi, gələn il də bu layihənin davam etdiriləcəyini söyləyiblər.

Bildirilib ki, Frankofoniya həftələrinin rəsmi bağlanış mərasimi aprelin 22-də gerçəkləşəcək.

Sonra qonaqlar bir həftə davam edəcək sərgi ilə tanış olublar.

azertag.az