Bakıda İslam dünyasının gənc klassik musiqi ifaçıları mükafatlandırılıb
21.4.2017

Aprelin 20-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) İslam dünyası gənc (20 yaşadək) klassik musiqi ifaçılarının VI Beynəlxalq müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Artıq ənənə halını alan müsabiqə ISESCO-nun, Gənclər və İdman, Mədəniyyət və Turizm, Xarici İşlər nazirliklərinin dəstəyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının iştirakı ilə “Kainat” Gənclik Mərkəzi tərəfindən təşkil edilib. Müsabiqədə Azərbaycanla yanaşı, 13 ölkəni - Türkiyə, Özbəkistan, Qazaxıstan, Tacikistan, Rusiya Federasiyası (Başqırdıstan, Tatarıstan, Dağıstan), Malayziya, Misir, Qırğızıstan, Küveyt, Mərakeş, İran və İndoneziyanı təmsil edən gənc istedadlar iştirak ediblər.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev qeyd edib ki, Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsi və ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunları müsəlman ölkələri arasında münasibətləri, xüsusilə də mədəni əlaqələri daha da möhkəmləndirəcək. Son illər ölkə rəhbərliyinin böyük dəstəyi sayəsində Azərbaycan iri beynəlxalq mədəniyyət tədbirlərinə – festivallara, müsabiqələrə, forumlara uğurla ev sahibliyi edir.

İ.Babayev mədəniyyətimizin xaricdə təbliğində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rolunu xüsusi vurğulayıb.

Tədbirdə çıxış edən “Kainat” Gənclik Mərkəzinin direktoru Rahib Rəsulzadə və münsiflər heyətinin sədri, BMA-nın prorektoru Yeganə Axundova altı ildir keçirilən festivalın coğrafiyasının ildən-ilə genişləndiyini bildiriblər.

Vurğulanıb ki, müsabiqə təkcə gənclərin istedadını nümayiş etdirmək cəhətdən deyil, həm də onları bir-birinə yaxınlaşdırmaq baxımından əhəmiyyətlidir.

Diqqətə çatdırılıb ki, “Fortepiano” və “Orkestr” nominasiyaları üzrə ümumilikdə 113 gənc iddiaçı dinlənilib.

Sonra müsabiqənin qaliblərinin adları açıqlanıb və onlar mükafatlandırılıb.

Sonda qaliblərin iştirakı ilə qala-konsert təqdim olunub.

azertag.az