Bədii gimnastika üzrə “Bahar kuboku”nun açılış mərasimi olub
28.3.2017

Martın 28-də Dövlət Gömrük Komitəsi (DGK) İdman Sağlamlıq Mərkəzinin (İSM) “Gömrükçü” idman klubunun təşkilatçılığı ilə “Sərhədçi” İdman Olimpiya Mərkəzində bədii gimnastika üzrə “Bahar kuboku”nun açılış mərasimi olub.

Açılış mərasimində çıxış edən Gənclər və İdman Nazirliyinin sektor müdiri Fərid Mansurov ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb, idmançılarımızın beynəlxalq arenada qazandıqları nailiyyətlər barədə məlumat verib. Bildirib ki, Azərbaycan irimiqyaslı yarışlara yüksək səviyyədə ev sahibliyi edir. Beynəlxalq qurumlar da mötəbər idman yarışlarının təşkilini tərəddüd etmədən ölkəmizə həvalə edirlər. İlk Avropa Oyunları, 42-ci Ümumdünya Şahmat Olimpiadası, Avropa və dünya çempionatları, Qran-pri yarışlarının mükəmməl təşkili respublikamızın idman ölkəsi olmasından xəbər verir. Cari ildə ölkəmiz IV İslam Həmrəyliyi Oyunlarına, Formula-1 Azərbaycan Qran-prisinə və qadın voleybolçular arasında Avropa çempionatına ev sahibliyi edəcək.

“İdmanın digər növlərində olduğu kimi, gimnastikada da inkişaf göz qabağındadır. Gimnastlarımız beynəlxalq arenada üçrəngli bayrağımızı dalğalandırır və öz qələbələri ilə azarkeşləri, xalqımızı sevindirirlər. Federasiya tərəfindən gimnastlar üçün hər cür şərait yaradılıb və idmançılarımız da bu məsuliyyəti dərk edərək öz üzərilərində əzmkarlıqla çalışıb ölkəmizi layiqincə təmsil edirlər”, - deyə Fərid Mansurov deyib.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti, “Gömrükçü” idman klubunun baş direktoru Xəzər İsayev yarışın Novruz bayramı və baharın gəlişi münasibətilə təşkil olunduğunu diqqətə çatdırıb. Vitse-prezident deyib ki, “Bahar kuboku” ölkəmizdə gimnastikanın inkişafına və kütləviləşməsinə xidmət edir. Yarışda gələcəkdə milli komandamızın heyətində çıxış edə biləcək gimnastlar mübarizə aparırlar. Sevindirici haldır ki, idmanın bu növü təkcə paytaxtı deyil, bölgələri də əhatə edir. Bölgələrdə də gimnastikaya maraq getdikcə artır.

Mərasimdə “Ədalət prinsiplərinə sadiq məşqçi”, “Ədalət prinsiplərinə sadiq hakim” və “Ədalət prinsiplərinə sadiq idmançı” nominasiyaları üzrə qalib elan olunan Mənsurə Baqiyevaya, Yevgeniya Jidkovaya, Aylin Məmmədovaya Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası tərəfindən xüsusi mükafatlar təqdim edilib.

Azərbaycanın dövlət himni səsləndirildikdən sonra müxtəlif yaş qrupları üzrə qaliblər mükafatlandırılıb.

Yarışda “ən gənc gimnast”, “ən texnikalı gimnast”, “ən əzmkar gimnast” nominasiyaları üzrə də qaliblər müəyyənləşib. Hər yaş qrupunda “Miss Bahar” kateqoriyası üzrə fərqlənmiş gimnastlar diplom və hədiyyələrlə təltif olunublar.

Azərbaycan Gimnastika Federasiyası və “Gömrükçü” idman klubunun birgə təşkil etdiyi yarışda paytaxt və bölgələri təmsil edən klublardan ümumilikdə 160 gimnast iştirak edib. Turnirdə “Gömrükçü” idman klubu ilə yanaşı, “Ocaq Sport” idman klubu, “Sərhədçi” İdman Olimpiya Mərkəzi, Gənclər və İdman Nazirliyinin nəzdində Respublika Kompleks İdman Məktəbi, “Şağan OİK”, “Zirə” Mədəniyyət Mərkəzi, “Zabrat” idman klubu, Bakı Su İdman Sarayı, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti, “Zirvə International” idman klubu, Gəncə və Naftalan Sağlamlıq mərkəzləri, Sumqayıt və Kürdəmir Olimpiya İdman komplekslərinin təmsilçiləri mübarizə aparıblar.

Yarışda 2007-2009-cu il (balacalar), eləcə də 2010-2011-ci illər təvəllüdlü idmançılar alətsiz, halqa və topla çıxışların cəmində çoxnövçülükdə yarışıblar.

Fərdi proqram üzrə yarışlarda isə 2005-2006, 2002-2004-cü illər təvəllüdlü yeniyetmələr və 2001-ci ildən yuxarı təvəllüdlü gimnastlar çıxış edirlər. Onlar ip, halqa, top, gürz və lentlə hərəkətlərdə güclərini sınayıblar.

azertag.az