Anna Netrebko və Yusif Eyvazov “Starlite Marbella 2017” festivalında çıxış edəcəklər
28.3.2017

İyulun 13-dən avqustun 26-dək İspaniyada “Starlite Marbella 2017” festivalı keçiriləcək.

Festivalın saytına istinadla xəbər verilir ki, dünya operasının ulduzu Anna Netrebko (soprano) və Azərbaycanın Əməkdar Artisti Yusif Eyvazov (tenor) iyulun 19-da festivalda çıxış edəcək. Konsertdə italyan operalarından ariyalar, habelə Anna Netrebkonun “Verisimo” albomundan əsərlər səsləndiriləcək. Dünya operasının ulduzu Ana Lukresiya Qarsiya konsertin xüsusi qonağı olacaq.

Rusiyanın Xalq Artisti, beynəlxalq müsabiqələr laureatı Anna Netrebko operalarda yaddaqalan obrazlar yaratmaqla yanaşı, konsert proqramları ilə də çıxış edir. Onun solo diskləri bestsellerə çevrilib. Musiqiçi haqqında çəkilmiş sənədli filmlər Avstriya, Danimarka, Almaniya, Rusiya və İsveçrədə nümayiş etdirilib.

Karyerasına İtaliyanın teatr və konsert zallarında başlayan Y.Eyvazov 2008-ci ildə Milanda Opera Müğənniləri Beynəlxalq Müsabiqəsinin Qran-pri mükafatına layiq görülüb. O, 2012-ci ildə Bakıda Vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin qalibi olub. Y.Eyvazovun adı “Dünyanın ən yaxşı tenorları” kitabına daxil edilib.

azertag.az