Bakı Turizm Peşə Liseyində plov festivalı keçirilib
16.3.2017

Martın 15-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Turizm və Menecment Universitetinin nəzdindəki Bakı Turizm Peşə Liseyində plov festivalı keçirilib.

Festivalın keçirilməsində əsas məqsəd Azərbaycan mətbəxini təbliğ etmək, tələbələrə xalqımızın milli mətbəx nümunələrinin hazırlanma qaydalarını, mətbəx mədəniyyətini və süfrə etikasını öyrətməkdən ibarətdir.

Festivalda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dünyanın hər yerində mətbəx nümunələrinin insanların dünyagörüşünün, mənəvi aləminin, psixologiyasının və əxlaqının göstəricisi olduğunu söyləyib. Zəngin ənənəyə malik olan xalqımızın hər bölgəsinin özünəməxsus yemək mədəniyyətinin mövcudluğunu vurğulayan Ə.Qarayev Azərbaycan mətbəxinin şah yeməyi olan plovun 200-dən artıq növünün təsdiq edildiyini diqqətə çatdırıb.

Əbülfəs Qarayev belə festivalların ölkəmizdə təşkil olunan beynəlxalq tədbirlər, yarışlar müddətində, eləcə də “shopping festival” (ticarət festivalları) zamanı keçirilməsinin vacibliyini xüsusi olaraq qeyd edib.

Tədbirdə liseyin direktoru Neylüfər Kərimova çıxış edərək plovsevər ölkəsi olan Azərbaycanda plova xüsusi qiymət verildiyini söyləyib. Ölkəmizin rəngarəng təbiəti kimi plovun da müxtəlif çeşidlərlə təqdim edildiyini bildirib.

Vurğulanıb ki, Novruz ərəfəsində ənənəvi olaraq plov festivalının keçirilməsində məqsəd tarixi və mədəni irsin beynəlxalq mərkəzlərindən biri olan Azərbaycan mətbəxini təbliğ etməkdən ibarətdir.

Tədbirdə Azərbaycanın əsasən 9 regionuna məxsus plovlar təqdim olunub.

Festivalda Qarabağ, Şirvan, Qazax-Gəncə, Quba-Xaçmaz, Bakı və digər regionların “Şah plov”,“Səbziplov”, “Şüyüd plov”, “Fisincan plov”, “Boranı plov”, “Müntəncəm plov” və digərləri daxil olmaqla 20-ə yaxın növdə plov nümayiş edilib.

Müxtəlif regionların folklor musiqisi və rəqslərinin səsləndiyi tədbirdə aşpazlar yeməkləri qonaqlara milli geyimdə təqdim edib.

azertag.az