Xalçaçılıq sənətini yaşat və təbliğ et
21.2.2017

Fevralın 21-də Binəqədi Rayon İcra Hakimiyyəti və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə “Xalçaçılıq sənətini yaşat və təbliğ et” layihəsinin yekun tədbiri təşkil olunacaq.

Muzeydən bildirilib ki, tədbir dövlət başçısının “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə Fərmanına uyğun olaraq keçiriləcək. İştirakçılar Azərbaycan Xalça Muzeyini ziyarət edəcək və onlara eksponatlar haqqında geniş məlumat veriləcək. Həmçinin layihəni uğurla başa vuran gənclərə sertifikat təqdim olunacaq.

Layihənin əsas məqsədi respublikamızın bütün bölgələrində Azərbaycan xalqının sevə-sevə yaşatdığı, əsrlər boyu qoruduğu xalçaçılıq sənəti tarixinin öyrənilməsi, müvafiq sahənin dirçəlişi və gənc nəsillərə təbliği məqsədilə xalçaçılıq üzrə tədris planı təşkil etməkdir. Layihəyə ilk dəfə Gəncə şəhərindən start verilib.

azertag.az