Müəllimlər üçün sosial media seminarı təşkil ediləcək
20.2.2017

Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşdırılan “Olimpiya Hərəkatı-2017” (“Olympic Moves-2017”) idman proqramı çərçivəsində paytaxt müəllimləri üçün seminar keçiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildiriblər ki, seminarda Bakının 12 inzibati rayonu üzrə hər məktəbdən internet resurslarını idarə edən (məktəb saytı, sosial şəbəkədəki səhifə) şəxs və bir idman müəllimi iştirak edəcək. Seminar iştirakçıları üçün sosial media ilə bağlı təlim keçiriləcək. Beləliklə, sosial mediada səhifəsi olan məktəb bu istiqamətdəki fəaliyyətini daha da təkmilləşdirəcək, müvafiq səhifəsi olmayan təhsil müəssisələri üçün isə yeni səhifələr yaradılacaq. Hər rayon üzrə seminarın keçirilmə tarixi barədə məktəblərə əvvəlcədən məlumat veriləcək.

Seminarın keçirilməsinin əsas məqsədi sosial şəbəkələrdə ümumi təhsil məktəblərinin uğurlarının təbliğ edilməsi, yaxşı təcrübənin yayılması və sosial şəbəkələrdən düzgün istifadənin formalaşdırılmasıdır.

Təlimin sonunda iştirakçılar Milli Olimpiya Komitəsi və Beynəlxalq Olimpiya Komitəsi tərəfindən sertifikatla təltif olunacaqlar.

Seminarda iştirak üçün müəyyənləşdirilmiş nümayəndələr https://docs.google.com/forms/d/1TtS80P8CuJm3rNxzcGRE8rspzOWSJUQxgU0CN8x3Vpo/viewform?edit_requested=true linki vasitəsilə qeydiyyatdan keçə bilərlər.

azertag.az