Məktəblərdə “Çərşənbə iməcilikləri” layihəsinə başlanılıb
20.2.2017

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərində “Çərşənbə iməcilikləri” layihəsinə başlanılıb.

BŞTİ-dən bildiriblər ki, layihə çərçivəsində Novruz bayramı ərəfəsində dörd çərşənbə münasibətilə Bakının 12 inzibati rayonunun ümumi təhsil müəssisələrində müəllim, şagird və valideyn icmasının iştirakı ilə məktəbyanı ərazilərdə iməciliyin keçirilməsi nəzərdə tutulub.

Layihənin həyata keçirilməsinin əsas məqsədi şagirdlərin Azərbaycanın tarixi və adət-ənənələri ilə bağlı məlumatlandırılması və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasıdır.

Qeyd edək ki, su, od, yel və torpaq çərşənbələrinə həsr olunan iməciliklərin keçirilməsi ilə şagirdlər qədim ənənələrə söykənən, Azərbaycan xalqının milli adətlərini özündə birləşdirən Novruz bayramının tarixi, Novruz adət-ənənələri barədə ətraflı məlumat ala biləcəklər.

azertag.az