Özbəkistanda beynəlxalq konfransda Azərbaycan alimi də iştirak edib
15.2.2017

Özbəkistanın Nəvai şəhərində “Əlişir Nəvai irsinin dünya mədəniyyətindəki yeri” adlı beynəlxalq konfrans keçirilib.

Tədbirdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Macarıstan və Əfqanıstandan olan alimlər iştirak ediblər.

Konfransı Özbəkistan Yazıçılar İttifaqının sədri Məhəmməd Əli açaraq Əlişir Nəvainin həyatı və yaradıcılığı haqqında məlumat verib.

Tədbirdə “Əlişir Nəvai yaradıcılığında dini etiqad məsələləri”, “Nəvai yaradıcılığı və Quran motivləri”, “Azərbaycan ədəbiyyatşünaslığında Nəvai yaradıcılığına bir nəzər” və digər mövzularda məruzələr dinlənilib.

Konfransın plenar iclasında Azərbaycandan gələn professor Almaz Ülvinin “Nəvai irsi Azərbaycan elmi-nəzəri fikrində” mövzusunda məruzəsi dinlənilib və maraqla qarşılanıb. Bölmələr üzrə iclasda isə Almaz Ülvi “Əlişir Nəvai və Azərbaycan” mövzusunda çıxış edib.

Konfrans materiallarının toplandığı kitabda Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəylinin, professorlar Ataəmi Mirzəyev, Mahirə Quliyeva və dosent Zəhra Allahverdiyevanın da elmi məqalələri çap olunub.

Sonra konfrans iştirakçıları Səmərqənd və Buxaranın tarixi abidələrini ziyarət ediblər.

azertag.az